Namaz təqvimlərindəki fərqlər nədən qaynaqlanır? Hansı təqvimi əsas götürək?

Namaz təqvimlərindəki fərqlər həm məzhəblər arasındakı fərqlərdən, həm də astofiziki hesabat fərqlərindən yaranır.

Namaz təqvimlərindəki fərqlər sadə müsəlmanları bir çox hallarda narahat edir. Çünki namaz və oruc kimi ibadətlər bu təqvimlərə əsasən yerinə yetirilir. Eyni bir şəhər üçün hesablanmış bu təqvimlərdəki fərqlər bəzən 30 dəqiqəyə çatır.

Bu təqvimlərdəki fərqlərin iki səbəbini qeyd etdik ki, bunlardan biri, şiə və sünni məzhəbləri arasındakı fərqdir. Lakin bu fərq yalnız məğrib namazının vaxtına aid edilir. Belə ki, əhli sünnədə axşam namazı və iftar qürub olan (Gün batan) kimi başlayır. Lakin şiə məzhəbinə gərək Gün batandan sonra şərq üfüqdəki qızartı qərb tərəfə keçsin.  Bu isə sünni vaxtından 20-25 dəqiqə gec edir.

Digər namaz vaxtlarında isə məzhəblər arasında prinsipial fərq yoxdur. Xüsusən də günorta azanı- Günəş zenit nöqtəsinə çatdıqda verilir.

Lakin bir çox namaz cədvəllərində demək olar ən çox fərq sübh azanının vaxtında rast gəlinir. Əslində, sübh namazının başlanma vaxtında İslam məzhəbləri arasında fərq yoxdur. Sübh (sadiq fəcr)- şərq üfüqündə işığın üfüq boyu yayıldığı vaxtdır. Lakin sübhün təyin olunmasındakı astrofiziki meyarlar təqvim fərqlərinə səbəb olur.

Ümumiyyətlə bir çox müsəlman ölkələri öz əhalisi üçün təqvim tərtib edərək, bunun öz ölkəsini üçün ən dəqiq tərtib edildiyini iddia etsə də 21-ci əsrin elm səviyyəsində bu cür iddialar o qədər məna kəsb etmir. Artıq bir qitədə olub, elmi hesablamalarla digər qitədə yerləşən ölkənin günçıxan və günbatan vaxtları, habelə azan vaxtlarını dəqiqliklə hesablamaq mümkündür.

Dünya səviyyəsində 7-8 namaz təqvimi metodu qəbul olunub. Aşağıda bu metodların adı və onlardan əksərən istifadə edən ölkələr haqqında məlumat verilib:

Dünya Müsəlman Liqası - Avropa, uzaq şərq ölkələri

Şimali Amerika Müsəlman Cəmiyyəti - ABŞ və Kanada

Misir Araşdırma Komitəsi - Afrika, Suriya, Livan, Malayziya və s.

Ümmul-Qura universiteti - Ərəbistan yarımadası

Müsəlmanların dini qurumu -Rusiya və MDB

Kəraçi universiteti- Pakistan, Əfqanıstan, Banqladeş və s.

Leva (Qum) Tədqiqat Mərkəzi – İran, İraq və s.

Tehran universiteti- İran və s.

Bu metodlardan son ikisi şiə fiqhinə, digərləri isə əhli-sünnə fiqhinə əsaslanır.

Burada əsas fərq sübh azanının vaxtındadır. Məsələn, Şimali Amerika Müsəlman Cəmiyyəti sübh vaxtı üçün Günəşin şərq üfüqündən 15 dərəcə bucaq altında olmasını əsas götürür. Tehran metodunda isə bu, 17.7 dərəcədir. İlk baxışda 2.7 dərəcə əhəmiyyətsiz bir fərq kimi görünə bilər. Lakin bu ciddi fərq vaxtı edir. Məsələn, Tehran üsuluna görə, 21.07.2013 tarixinə görə sübh azanı- 4:35 olduğu halda, Şimali Amerika üsuluna görə 4.56-dır. Səudiyyə Ərəbistanının “Ümmul-Qura” metodunda isə 18.5 dərəcə əsas götürülür, bu isə 4.28 deməkdir.

Göründüyü sübh azanının təyin olunmasında müxtəlif elmi yanaşmalar fərqli vaxt nəticələrinə səbəb olur.

Axşam (məğrib) azanının vaxtı barəsində əhli-sünnə metodlarında fərq yoxdur, hamısı Günəşin batmasını əsas götürür.

Lakin yuxarıda qeyd etdiyimiz ki, Əhli-beyt (ə) məktəbi bu barədə fərqli nəzərdədir. Hal-hazırda şiə fiqhinə “Qum” və “Tehran” metodları uyğun gəlir. Lakin sübh və məğrib azanlarının vaxtında bu metodlar arasında fərq var. Belə ki, sübh vaxtı üçün “Qum” metodunda 16 dərəcə götürülür. Məğrib azanında isə bu metod üfüq şüalarını 4 dərəcə bucaq altında, “Tehran” metodunda isə 4.5 dərəcə bucaq altında qəbul olunur. Bu isə məğrib azanında bir neçə dərəcə fərqə əsaslanır. Məsələn, 21.07.2013 tarixində

“Qum” metodu

Sübh: 4:48

Məğrib: 21:25

"Tehran" metodu

Sübh: 4:35

Məğrib: 21:28

Biz 313news saytının idarə heyəti olaraq apardığımız araşdırmalara, təhlillərə, müctəhidlərin ofislərinə əsaslanaraq Tehran Universitetinin Geofizika institutunun hazırladığı təqvimi daha mötəbər hesab edirik. Ona görə də saytımızda məhz bu təqvim qeyd olunub.

Yerləşdirilib: 21 İyul, 2013  21:52 Baxılıb: 3786 Çap