Elm əhlinin nəzərində ələm müctəhid kimdir? (2)

Müctəhidlərin bir çoxu mütləq şəkildə, bir qismi isə ehtiyata əsasən ələm müctəhidə təqlid etməyi vacib bilirlər.

Yaxın keçmişdə mərhum Ayətullahul-uzma Əbul-Qasım Xoyi (r.) bir çoxları tərəfindən öz dövrünün ələm müctəhidi hesab edilirdi. Onun bu uca məqamı necə əldə etməsini araşdırdıqda isə görürük ki, bu, ilk növbədə onun uzun illər boyunca xaric dərslərinin (ictihad kursu) ustadı olması ilə bağlıdır. Dövrümüzün böyük mərceyi-təqlidlərindən bir qismi onun tələbələri olmuşlar. Mərhum Xoyi (r.) 30 ildən çox xaric dərsləri demişdir.

Onun vəfatından sonra bir çoxları mərhum Ayətullahul-uzma Qolpayqaninin (r.) ələm olmasını təsdiq etdilər.

Ənənəvi olaraq şiələr peşəkar dərsi-xaric ustadlarını ələm mərceyi-təqlid olaraq göstərirdilər.

Xoyi (r.) və Qolpayqaninin (r.) vəfatından sonra qalan müctəhidlərdən hansının daha ələm olmasını göstərmək mürəkkəbləşdi. Çünki həyatda olan müctəhidlər həmin ustadlar kimi digərlərindən aşkar üstünlükdə deyildilər.

Digər bir tərəfdən mərhum Ayətullahul-uzma Xomeyninin İslam İnqilabını həyata keçirməsi şiə hüquqi məktəbində mərcəiyyət institutuna olan baxış bir dəfəlik dəyişdi. Yeni baxış bundan ibarət idi ki, mərceyi-təqlidin vəzifəsi keçmişdə olduğu kimi şəri məsələlərdə fətva verməklə məhdudlaşmır, "vilayəti-fəqih" nəzəriyyəsinə əsasən böyük rola malikdir. Şiə hüquqi məktəbinə əsaslanan bu nəzəriyyədə ruhani və dünyəvi rəhbərlik mərceyi-təqliddə birləşdi. Rəhbər müsəlmanların dünyəvi nizamını müəyyənləşdirirdi.

Bu baxışın özü də ələm müctəhidin müəyyən olunmasını daha da çətinləşdirdi. Təbii ki, hər kəs mərhum Xomeyninin (r.) bu nəzəri ilə razı deyil. Bu, ayrı bir müzakirə mövzusudur.

Xülasə, ələm müctəhidin müəyyən olunması sadə məsələ deyildir. Əgər ələm müctəhidin müəyyən olunması, "klassik" olaraq peşəkar dərsi-xaric ustadlarından müəyyən olunsa, dövrümüzdə məşhur ustadların bir neçəsini qeyd etmək olar:

Ayətullah Vəhid Xorasani

Ayətullah Məkarim Şirazi

Ayətullah Bəşir Nəcəfi

Ayətullah Əli Sistani

Yox əgər sizin fikrinizcə, mərcəiyyət keçmişdəkindən fərqli olaraq, daha geniş rola malikdir (Ayətullah Xomeyninin (r.) nəzəri), şübhəsiz ki, Ayətullah Xameneyi ən uyğun seçimdir.

Allah alimdir.

Şeyx Rəşid

/al-islam.org/

Yerləşdirilib: 21 Sentyabr, 2013  04:37 Baxılıb: 2364 Çap
Son 10 fətva