Hansı müctəhidi seçib, onu təqlid etməliyik?

Silsilə məqalələrimizdə bəhs etmişdik ki, əgər eyni bir zamanda təqlid olunmaq şərtlərinə malik olan bir neçə müctəhid mövcud olsa (necə ki, indiki dövrdə bu vəziyyəti müşahidə edirik), onlardan "ələm" olanına təqlid olunmalıdır. "Ələm"in tərifi keçən məqalələrimizdə ətraflı olaraq izah edilmişdir.

Ələm müctəhidi hansı yollarla müəyyən etmək olar? Şəriətimizdə ələm müctəhid bir neçə yolla müəyyən edilə bilər:

1. İnsan özü İslam elmlərində müəyyən elmi səviyyəyə malik ola ki, ələm müctəhidi tanıya bilə (bu bir çoxlarımız üçün qeyri-realdır).

2. Yuxarıdakı bənddə qeyd olunan xüsusiyyətə malik iki adil şəxs bu barədə bizə məlumat verə. Həmin şəxslərə "xibrə əhli" deyilir (Bu yol da çox güman ki, çoxlarımız üçün əlçatmazdır).

Əgər yuxarıdakı iki bəndlə ələm müctəhidi müəyyənləşdirə bilməsək, 3-cü yolla, yəni əminlik gətirən hər hansı bir yolla müəyyən edə bilərik. Məsələn, müctəhidin ələmliyi camaat arasında yaxud elmi dairələrdə məşhur ola və s.

Əgər bu yollarla ələm müctəhidi müəyyənləşdirə bilməsə, hətta ehtimal həddində hər hansı bir müctəhid barədə gümanı olsa, onu təqlid etməlidir.

Lakin ehtimal həddində də müəyyənləşdirə bilməsə, onlardan hər hansı birini seçib onu təqlid etməlidir. Bu cür şəxslərə kömək məqsədilə Qum elmiyyə hövzəsinin irəli sürdüyü mərceyi-təqlidlərdən hər hansı birini seçib təqlid etməyi tövsiyə edə bilərik. O müctəhidlərin adları belədir:

Ayətullahul-uzma Seyid Əli Xameneyi

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani

Ayətullahul-uzma Seyid Şübeyri Zəncani

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi

Ayətullahul-uzma Şeyx Safi Qolpayqani

Ayətullahul-uzma Seyid Əli Sistani

Elm əhlinin bildirdiyinə görə bu müctəhidlərin hər biri təqlid olunmaq şərtlərinə malikdir.

Yerləşdirilib: 2 Noyabr, 2013  05:11 Baxılıb: 2274 Çap