Dində neçə növ təqlid var?

Hər bir müsəlmanın ağlına belə bir sual gələ bilər ki, Qur`ani-Kərimin bir çox ayələrində müşriklərin dində öz ata-babalarına təqlid etmələri pislənilir və məzəmmət olunur. Belə olan təqdirdə, biz hansı əsasla dində təqlid və tabeçilik məsələsindən söhbət açırıq? Məgər Qur`an təqlidi pisləmirmi? Yaxud, bə`ziləri belə fikir yürüdürlər ki, təqlid etmək bir növ insanın fikir müstəqilliyi ilə düz gəlmir. Və ya özümüzün ağlımız olan yerdə başqalarının ağlından nəyə görə bəhrələnməliyik? Bütün bu şübhələr və iradlar məsələnin cavabını bilməyənlər üçün doğrudan da təhlükəlidir. Müsəlman bir şəxs bunlara cavab tapa bilməzsə, öz e`tiqadında inhirafa düşə bilər. Bəhsimizin bu bölümündə belə şübhələrə cavab verməkdən ötrü dində təqlid və ya tabeçiliyin növləri barəsində söhbət açacağıq.

lk və mühüm məsələlərdən biri budur ki, dində təqlid və ya tabeçiliyi dörd qismə bölmək olar ki, bə`zisi düzgün, bə`ziləri isə batildir:

Birinci: Cahilin cahilə təqlidi və tabeçiliyi.

İkinci: Alimin alimə təqlidi.

Üçüncü: Alimin cahilə təqlidi.

Dördüncü: Cahilin alimə təqlidi.

1. CAHİLİN CAHİLƏ TƏQLİDİ

Bu növ təqlid, adından mə`lum olduğu kimi, batil təqlidlərdən sayılır. Belə ki, müsəlman bir şəxs öz e`tiqad və şəriət hökmlərini dini sahədə heç bir savadı olmayan və bəlkə də heç bir dini hökmləri yerinə yetirməyən şəxsdən necə ələ gətirə bilər? İnsan dini sahədə heç bir savadı və mə`lumatı olmayan bir şəxsdən necə şəriət hökmlərini soruşa və onun göstərişləri əsasında əməlləri yerinə yetirə bilər? Məsələn, namazında şəkk etdikdə həmin şəxsə müraciət etsin və o şəxs də özü dində cahil olan halda şəriət hökmü versin. Doğrudan da belə bir iş yalnız cahil şəxslərdən baş verər. Çünki heç bir aqil şəxs bu işi görməz. Yadda saxlamaq lazımdır ki, hər bir şəxsin özünə görə bildiyi sahə vardır. Mühəndis, həkim, kimyaçı, hərbçi və nəhayət yüzlərlə belə elmi sahələrdə məşğul olanlar yalnız öz bildikləri dairədə və səlahiyyətləri olan halda öz sahələrində nəzəriyyə verə bilərlər. Təsəvvür edin ki, bir nəfər yüksək savada malik mühəndis və ya akademik gəlib tibbi sahədə dünya həkimlərinə yol göstərsin və onlara hər hansı bir dərmanın filan xəstəliyin əlacı olduğunu başa salsın. Tibbi sahədə heç bir anlayışı və biliyi olmayan bir şəxsin göstərişnə əməl edənlərin hamısı sağalmaz xəstəliklərə düçar olarlar. Eynilə həmin qanun dində də icra olunur. Yə`ni, məqam və möveqiyyətindən asılı olmayaraq, dini sahədə ən yüksək səviyyəyə çatmayan şəxsin şəriət hökmü verməsi, tibb elmindən xəbəri olmayan bir nəfərin insanın gözü üzərində apardığı cərrahiyyə əməliyyatına bənzəyir ki, bu iş nəticədə, xəstənin sözsüz kor olmasına gətirib çıxarar. Belə şəxslərə tabeçilik edən müsəlman da öz dinində kor sayılar və Allah dərgahında onun heç bir əməli qəbul olunmaz.

Elə həmin cəhətə görə Qur`ani-Kərimdə müşrik və bütpərəstlərdən soruşulanda ki, nəyə görə bu batil yoldan çəkinmirsiniz? Cavab verirlər ki, bu yol bizim ata-babalarımızın yoludur. Bu vaxt Allah-taala buyurur: “Əgər ata-babalarınız cahil olsalar, onda necə?”

Yaxşı olar ki, bu barədə müqəddəs Qur`ani-Kərimə müraciət edib orada olan sözlərə diqqət yetirək.

1. “Bəqərə” surəsinin 170-ci ayəsində buyurulur:

“Allahın göndərdiyinə (Qur`ana) tabe olun! – deyildiyi zaman, bütpərəstlər: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik” – deyirlər. Bəs ataları bir şey anlamayıb, doğru yolda deyildilərsə necə? (Yenəmi onlara tabe olacaqlar?)

2.Maidə” surəsinin 104-cü ayəsində buyurur:

“Onlara: “Allahın nazil etdiyinə və Onun Peyğəmbərinə tərəf gəlin!” – deyildiyi zaman: “Atalarımızın getdiyi yol bizə yetər” – deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildirlərsə necə? (Yenəmi onlara tabe olacaqlar?)

3. “Ə`raf” surəsinin 28-ci ayəsində buyurur:

“(Şeytanla dost olanlar) ədəbsizlik etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir” – deyirlər. (Ya Peyğəmbərim!) De ki: Allah ədəbsizliyə (yaramaz işlərə) əmr etməz. Allaha qarşı bilmədiyiniz şeylərimi deyirsiniz?”

4. “Loğman” surəsinin 21-ci ayəsində oxuyuruq:

“Onlara: “Allahın nazil etdiyi Qur`ana tabe olun!” - deyildikdə: “Xeyr, biz atalarımızın getdiyi yola tabe olacağıq!” – deyə cavab verərlər. Bəs Şeytan onları cəhənnəm odunun əzabına çağırsa necə? (Yenədəmi həmin yolla gedəcəklər?)

Bütün bu ayələr və onlarca bu məzmundakı ayələr, cahilin cahilə təqlidinin batil və qeyri-məntiqi olmasını bəyan edir. Beləliklə də sübut olunur ki, hər bir müsəlman öz dininin hökmlərini ən yüksək elmi dərəcəli və adil din alimlərindən - müctehiddən - ələ gətirməlidir.

2. ALİMİN ALİMƏ TƏQLİDİ

Bu növ tabeçilik və ya təqlid müxtəlif cəhətdən təsəvvür oluna bilər. Əgər iki alim elmi məqamda eyni mövzuda bərabərdirsə, onda bu təqlidin heç bir faydası olmayacaqdır. Ona görə ki, bu təqlid heç bir yenilik gətirə bilməz. Diqqət olunmalıdır ki, təqlid məsələsində elm və cəhl əsas rol oynayır. Ali dərəcəli biliyə malik bir həkimin və ya müəllimin din sahəsində ən yüksək səviyyəli adil alimə təqlid etməsi düzgün və lazımlıdır. Bu təqlid alimin alimə təqlidi yox, bəlkə də cahilin alimə təqlidi sayılır. Çünki, təqliddə əsas məsələ mövzudur. Belə iki şəxs arasındakı mövzu din olduğuna görə məqamından asılı olmayaraq bir tərəf o biri sahədə cahil sayılır. Yaxud həmin müctehid əgər tibb sahəsində yüksək səviyyəli həkimə müraciət edərsə, bu da həmin qanuna əsasən, cahilin alimə müraciəti hesab olunur. Həmin səbəbdəndir ki, şəriətdə ictihad məqamına yetişən bir nəfər din alimi başqa bir ictihad məqamında olan din aliminə təqlid edə bilməz. Bu cür təqlid şəriətdə haram sayılır. Lakin aşağı mərtəbələrdə olan elm əhli əgər özü şəriət hökmünü qanun və şəraitilə, müstəqil surətdə ələ gətirə bilmirsə, yenə də müctehidə müraciət etməsi vacib əməllərdəndir.

3. ALİMİN CAHİLƏ TƏQLİDİ

Bu növ təqlid və tabeçilik dində ən pis və xoşagəlməz bir tabeçilikdir. Təsəvvür edin ki, yüksək elmə malik olan bir nəfər həkim öz xəstəliyinin əlacından ötrü tibb elmindən xəbəri olmayan bir nəfərə müraciət etsin. Belə həkim yəqin bilməlidir ki, xəstəliyi heç vaxt sağalmayacaqdır. Dində də həmin qanun hökm sürür. Dini sahədə biliyə malik olan müsəlmanın bu sahədə cahil və xəbərsiz bir şəxsə müraciət edib şəriət məsələsini ələ gətirməsi ən böyük cahillik sayılır.

Bütün bu deyilənlərdən belə mə`lum olur ki, adları çəkilən hər üç təqlidin heç birisi bəyənilmiş deyildir. Bunlardan ən pisi isə sonuncu yə`ni, alimin cahilə təqlididir.

4. CAHİLİN ALİMƏ TƏQLİDİ

Cahilin alimə təqlidi yə`ni, bilməyənin bilənə, mütəxəssis olmayanın mütəxəssisə müraciəti deməkdir. Bu əməl yalnız dini məsələlərdə yox, insanın həyatının bütün sahələrində onun fitrəti və ağlı ilə uyğundur. İnsan bilmədiklərini yalnız, bilik əhlindən soruşub öyrənməlidir. Daha bu bilik əhlinin harada olmasının elə bir fərqi yoxdur. Hədislərdə var: “Çində də olsa elm ardınca gedin.” Elm harada olsa, elmdir. İnsanın ömrü çox qısa, elm isə çox dərindir. Ona görə də insan bütün məsələlərə özü agah ola bilməz. Çoxlu məsələlərdə başqalarına müraciət etməli olur. Bu müraciətlərin ən mühümü və zərurilərindən biri də din və şəriət məsələsidir. Bu müraciət də başqa müraciət kimi müəyyən qanunauyğunluq əsasında olmalıdır. Çox az şəxslər tapılır ki, tibb elmində ən yüksək mərhələyə yetişsin və dünyada məşhur olsun. Belə şəxslər az da olsa və ya dünyanın hansı yerində olmalarına baxmayaraq, ehtiyacı olanlar və imkanlılar onlara müraciət edəcək və yeri gəlsə yalvaracaqlar ki, mənim dərdimə əlac et!“Əgər bu zaman biri ona desə ki, öz xəstəliyinin əlacını bizim kənddəki feldşerdən yaxud bizim şəhərdəki ali savadlı hüquqşünasdan soruş, xəstə belə başa düşər ki, qarşısındakı məsxərə etmək məqsədindədir. Dində də belədir. Müctehid dedikdə bilməliyik ki, bütün ömrünü din və şəriət qanun-qaydalarının Qur`an, hədis, məşhur din alimlərinin nəzəriyyələri və ağıl əsasında ələ gətirməsinə sərf etmiş adil və sair şəraiti olan yüksək dini savada malik bir müsəlman nəzərdə tutulur. Beləliklə, belə bir xüsusiyyətə malik din alimi olan yerdə dörd-beş il dini elmlərlə məşğul olan şəxsə təqlid olunması və ya onun şəxsi nəzəriyyələri ilə şəriət hökmlərinin icra olunması düzgün deyildir. Belə şəxslərin özləri müctehidə təqlid və bütün dini məsələlərdə müctehidlərin kitablarına müraciət edirlər. Bununla da hər bir müsəlman qiyamət günündə - Allah dərgahında - öz dinini alim və adil din xadimlərindən almasına şəhadət verər və üzüağ olar. Əks təqdirdə cahillər sırasına düşüb onlarla birlikdə mühakimə olunacaqdır. Belə isə indidən axirətimizi düşünərək şəriət məsələlərimizi öz əhlindən yə`ni, ömür-günlərini bu yolda sərf edənlərdən almalıyıq.

Bir məsələni də qeyd etmək lazımdır ki, cahilin alimə təqlidində iki xüsusiyyət nəzərdə tutulmalıdır:

Birinci: Azadlıq və ixtiyar. Yəni, təqlid edən müsəlman öz ixtiyarı ilə və azad surətdə təqlid etməlidir.

İkinci: Agahlıq. Yəni, təqlid edən şəxs özü agah surətdə bilməlidir ki, özündən yüksək səviyyəli din aliminə təqlid edir və bu təqlidi də elm üzündəndir.

Faiq Vəlioğlu, "Təqlid"

 

Yerləşdirilib: 11 Mart, 2012  03:28 Baxılıb: 2021 Çap
Son 10 fətva