11 Mart, 2012
Müctəhid kimdir?

Müctehid dedikdə kimlər və hansı elmi məqamda olanlar nəzərdə tutulur?

Hər şeydən əvvəl bu sözün kökü ilə tanış olaq. Sözün kökü “ictihad” kəlməsindəndir. “İctihad” sözünün özü isə “cəhd” sözündəndir.

İndi də bir-bir bu sözlərin lüğətdəki mə`nalarına nəzər salaq. Əvvəlcə “cəhd” sözünə diqqət edək. Bu söz ərəb sözü olub mə`nası da “çalışmaq” deməkdir. Bir işlə möhkəmcəsinə çalışana ərəb “cahid” deyər. “İctihad” sözü də həmin kökdən olub lüğətdə mə`nası “var qüvvə ilə çalışmaq” mə`nasındadır. Lakin dini termində “ictihad”, İslam dini elmləri sahəsində ən yüksək elmi məqama deyilir. Dünya elmlərinin hər bir mərhələsində xüsusi məqam və terminlər olduğu kimi dini elmlərin də hər mərhələsində xüsusi bir ad vardır. Məsələn, dünya elmlərində tələbə, aspirant, dekan, professor, akademik və sair elmi mərtəbələr olduğu kimi dini elmlərdə də elmi məqamlar vardır.

“İctihad” odur ki, hər hansı bir şəxs dini əməlləri yerinə yetirmək məqamında, bu əməl barəsində tam elm əldə etmiş olsun və həmin elmi öz əməlinin dəlili kimi qərar versin.” Başqa sözlə desək: “İctihad” yə`ni, Qur`an və rəvayətlərdən şəriət hökmlərini ələ gətirməkdən ötrü bütün elmi mərtəbələri keçmək və bu yolda var qüvvə ilə çalışmaq deməkdir.”

Bütün bunları bildikdən sonra “müctehidi” belə tə`rif etmək olar:

“Müctehid” o şəxsdir ki, şəriət hökmlərini dəlillə ələ gətirsin və şəri vəzifəsini öz nəzəriyyəsi əsasında yerinə yetirsin”(“Məsail minəl-ictihad vət-təqlid.” Həmədani)

İCTİHADIN ŞƏRAİTİ VƏ YA MÜCTEHİD HANSI ELMLƏRİ BİLMƏLİDİR?

“İctihad” məqamına yetişmiş müctehid olmaq hər kəsin qüvvəsində deyildir. Bu məqama ömür boyu zəhmət çəkməklə və gecə-gündüz çalışmaqla yetişmək olar. İndi isə xülasə olaraq ictihada yetişən bir şəxsin hansı elmləri bilməsini qeyd edirik:

Birinci: Ərəb dilinin qanun və qaydalarını, o cümlədən, nəhv, sərf, lüğət elmlərini bilmək, tək-tək sözləri anlamaq, belə ki, bu elmlə Qur`an və Mə`sumların (əleyhimussalam) hədislərini başa düşmək.

İkinci: Dəqiq əqli mə`naları əhali arasında olan mə`nalardan (ürfi mə`nalardan) ayırmaq qabiliyyəti olsun. Əhali arasında olan mə`naları anlamaq üçün əqli və fəlsəfi mə`nalardan çəkinmək.

Üçüncü: Şəriət hökmlərini ələ gətirmək yolunda lazım olacaq miqdarda məntiq elmini bilmək.

Dördüncü: Şəriət hökmlərini ələ gətirməkdə böyük rol oynayan “üsulul-fiqh” elmini bilmək.

Beşinci: “Rical” və hədis söyləyənlərin elmini bilmək.

Altıncı: İctihadın ən mühüm müqəddiməsi sayılan Qur`anı və Məsumların (əleyhimussalam) hədislərini, şəri əməllərini və təsdiqlədikləri əməlləri bilmək.

Yeddinci: Şəriət hökmlərini ələ gətirmək onun üçün adətə çevrilməsindən ötrü fiqh elminin şaxələrinin üsul elminə tətbiqi ilə dərindən məşğul olmaq.

Səkkizinci: Məşhur İslam alimlərinin nəzəriyyələrini və hər hansı şəriət məsələsində ittifaq nəzərlərini bilmək.

Doqquzuncu: Məsum İmamların (əleyhimussalam)-ın dövründə yaşayan məşhur sünni alimlrinin şəriət məsələləri barəsindəki nəzəriyyələrini bilmək .(Təhzibul-Üsul fil-ictihad vət-təqlid. c.3)

Bütün bu xüsusiyyətlər hər bir müctehidin elmi məqamında tam şəkildə büruzə verməlidir. İndi isə müctehidin özünün hansı şəxsi xüsusiyyətləri olmasını araşdıraq.

MÜCTEHİDİN XÜSUSİYYƏTLƏRİ HANSILARDIR?

Nəhayət, qarşıya çıxan sonuncu sual budur ki, təqlid etdiyimiz müctehidin özünün hansı vəsfləri və xüsusiyyətləri olmalıdır ki, biz o xüsusiyyət əsasında müctehidi tanıyaq? Onu da qeyd etmək lazımdır hər müctehidə təqlid olunmur. Təqlid olunun müctehidi bir dəstə yüksək elmi məqamı olan İslam alimləri təsdiq etdikdən sonra ona təqlid olunur və ona elmi dildə “mərceyi təqlid” (yə`ni, şəriət məsələrində müraciət olunmalı şəxs) deyilir. Bunu da yadda saxlamaq lazımdır ki, bir nəfər ictihad edib müctehid ola bilər lakin təqlid olunmaq üçün xüsüsi bir şərait lazımdır. Məsələn, ola bilər, bir nəfər dini elmlərdə ictihada yetişsin, yə`ni, özü şəriət məsələlərini ələ gətirməyi bacarsın lakin digər şəraitə malik olmasın. Bu zaman belə bir şəxsə təqlid etmək olmaz. Bu cür müctehid yalnız, özü-öz hökmünə əməl edəcək. Başqaları ona təqlid edə bilməz. Beləliklə, hər bir təqlid olunacaq müctehidin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

1. Həddi buluğa yetişmiş olsun.

2. Kişi olsun.

3. İctihad etmiş olsun.

4. Aqil olsun.

5. Ədalətli olsun.

6. Diri olsun.

7. Halalzadə olsun.

8. On iki İmama e`tiqadı olan şiə olsun.

9. Vacib ehtiyata əsasən, dünya malına həris olmasın.

10. Başqa müctehidlərdən bilikli olsun.

Bütün bu xüsusiyyətlər təqlid olunacaq hər bir müctehidə lazımdır. Əks təqdirdə təqlid düzgün sayılmaz.

Faiq Vəlioğlu, "Təqlid"

 

 

Bütün hüquqlar qorunur  ©  Dini suallara cavablar

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!