Fiqhi məqalələr » Mübarək ramazan ayının fərqli günlərdə başlanmasını nəzərə alaraq, bizim vəzifəmiz nədir? (1)

Mübarək ramazan ayı hicri-qəməri ayların 9-cusudur. Hicri təqvimdə miladi təqvimdə olduğu kimi 12 ayın mövcud olduğunu qeyd edərək, bildirək ki, əslində 12 ayın hər biri eyni qaydalara əsasən başlayır və başa çatır. Sadəcə ramazan ayının əhəmiyyəti daha artıq olduğu üçün bu ayda fərq daha çox nəzərə çarpır.

İslam təqvimi qəməri- yəni Ay təqvimidir. Bu təqvim miladi təqvimdən fərqli olaraq Günəşin deyil, Ayın hərəkətinə əsasən təyin olunur.

Günəş (miladi) təqvimində aylar 28, 29, 30 və 31 gün çəkdiyi halda, Ay (hicri) təqvimində 29 və ya 30 gün davam edə bilər. Əgər ayın 29-cu günü axşamçağı yeni Ay (hilal) görünərsə, bu ayın 29 gün çəkdiyinə işarədir və sabahkı gün növbəti ayı 1-i hesab olunur. Əks halda, yəni 29-cu günün axşamı yeni Ay görünməsə, ay 30 gün hesab edilir. Ayın yenilənmə müddəti 29 gün 12 saat 44 dəqiqədir. Buna görə də aylar 29 və ya 30 gün çəkir.

Hicri qəməri ayın başlanğıcının təyin olunması İslam alimləri və məzhəblər arasında ixtilaflı məsələdir. Hətta eyni məzhəbin daxilində belə bu məsələyə fərqli yanaşılır. Bunun sırf fiqhi-ictihadi məsələ olması və müasir dövrdə yeni məsələlərin ortaya çıxması, bu fərqləri bir qədər də dərinləşdirmişdir.

Əhli-sünnə məzhəbində əksəriyyət təşkil edən fikrə görə, dünyanın hər hansı bir nöqtəsində(Ramazan)  Ayın görünməsi ilə bütün dünya müsəlmanlarına oruc tutmaq vacib olar. Yəni məsafədən asılı olmayaraq bu hökm tətbiq olunur. Lakin şafi məzhəbində hakim olan nəzər budur ki, görünən Ay  müəyyən məsafədə (24 şəri fərsəx) yaşayan müsəlmanlara aid olar.

Bu səbəbdən də hal-hazırda sünni ölkələrinin bəzisində bu fikir hakimdir. Ayın doğması və görünməyə başlaması Qərb yarımkürəsindən başlayır. Məsələn, Türkiyədə hicri ayların başlanğıcı Ayın Türkiyə üfüqündə yox, Cənubi Amerika üfüqündə görünməsinə əsasən təyin olunur (Türkiyənin öz üfüqündə isə bundan 1-2 gün gec görünür). Pakistan da sünni fiqhindən istifadə edir, lakin Ayın yerli üfüqdə müşahidəsinə əsaslanır. Səudiyyə Ərəbistanı və ərəb ölkələrinin istifadə etdikləri metod isə “qeyri-müəyyən”dir. Belə ki, ilin 9 ayı təqvim hesabları ilə təyin olunur. Ramazan, Şəvval və Zil-hiccə ayları isə birbaşa müşahidə əsasında təyin olunur.

Şiə məzhəbinin alimləri də bu barədə fərqli fikirdədirlər. Ümumən Əhli-beyt (ə) məktəbinin alimləri Ayın yalnız gözlə müşahidəsini keçərli hesab edirlər. Təqvim hesablamaları sübut hesab olunmur. Çünki şəriətdə əsas olan Ayın görünməsidir, doğması deyil. Ayın yeni fazasının başlanmasından 2-3 gün sonra Ay görünə bilər.

Ayın müxtəlif yerlərdə görünməsinə əsasən, (müasir) müctəhidlər bu barədə bir neçə mövqedədirlər:

1- Üfüq birliyini şərt hesab edənlər (Ayətullah Xameneyi, Ayətullah Sistani, Ayətullah Məkarim Şirazi, Ayətullah Musəvi Ərdəbili və s.)

2- Üfüq birliyini şərt bilməyib, iki şəhərin müştərək gecəyə malik olmasını kifayət hesab edənlər (Ayətullah Vəhid Xorasani, Ayətullah Safi Gulpayqani, Ayətullah Nuri Həmədani və s.)

1-ci fikrin əsasında bu durur ki, Ayın hər hansı bir məntəqədə görünməsi, ancaq həmin məntəqəyə və onunla müştərək üfüqə malik olan məntəqələrə aiddir. Bu məntəqələr Ayın görünməsi baxımından eyni imkanlara malikdirlər və bulud, toz və s. kimi maneələr olmasa, birində görünən Ay, digərində də görünər.

2-ci fikrə görə isə bir ərazidə Ayın görünməsi, digər müştərək gecəli ərazilər üçün də kifayətdir. Məsələn, Mərkəzi və yaxud Cənubi Afrika ərazilərində Ayın görünməsi Azərbaycan üçün kifayətdir.

Digər bir mübahisəli məsələ isə şəriət hakiminin hökmünün mötəbərliyidir. Dövrün əksər müctəhidləri bu nəzəri dəstəkləmiş və bildirmişlər ki, şəriət hakimi (müctəhid) hökm versə, bu ayın əvvəlinin təyini üçün kifayət olan şərtlərdəndir. Lakin bu nəzərdə olmayan böyük müctəhidlər də var. Ayətullah Sistaninin nəzərinə əsasən, müctəhidin hökmü ayın başlanmasını sübut etmir. Ayətullah Vəhid Xorasani isə bu məsələdə şəriət hakiminin hökmü ilə kifayətlənməməyi  və ehtiyat etməyi vacib sayır.

Müasir dövrdə yeni məsələlərin ortaya çıxması, bu məsələyə də təsirsiz ötüşməmişdir. Hal-hazırda Ayın adi gözlə yaxud optik cihazlarla görünməsi  ixtilaflı məsələdir.

Hazırkı dövrdə əzəmətli müctəhidlərin əksəriyyəti Ayın yalnız adi gözlə görünməsini şərt sayır (Ayətullah Sistani, Ayətullah Məkarim, Ayətullah Vəhid, Ayətullah Safi və s.).

Lakin böyük müctəhidlərdən bir qismi də Ayın teleskop, binokl və s. optik cihazlarla- “silahlanmış” gözlə görünməsini kifayət bilir.  Ayətullah Xameneyi, Ayətullah Musəvi Ərdəbili bu nəzərdədirlər. Həmçinin mərhum Fazil Lənkərani (r.) də bu fikirdə idi.

1-ci nəzərin şərhində bəzi sübutlar təqdim olunur ki, bunlardan biri də aşağıdakı ayədir:

“Səndən yeni doğan Aylar (və onun şəklinin para vəziyyətdən bütöv vəziyyətə kimi dəyişməsinin hikməti) barəsində soruşurlar. De: «Onlar, insanların (dünyəvi işlərinin) vaxtlarının və Həccin (eləcə də, dəqiq vaxta malik digər dini əməllərin vaxtının) müəyyən edilməsi üçün vasitə (təbii təqvim)dir” (“əl-Bəqərə”,189).

Ayəyə əsasən, Ayın doğması insanların öz təqvimini müəyyənləşdirməsi üçündür. Burada əhatə dairəsi ümumidir, yəni bütün insanlar bunun vasitəsilə öz təqvimlərini müəyyənləşdirmək imkanına malikdirlər. Ayın adi gözlə müşahidəsi də bunu təsdiq edir. Hər bir adi adam (göz xəstəliyindən əziyyət çəkmirsə- istisnai olaraq) bu imkana malik olmaldır. Optik cihazlar isə xüsusi haldır və müəyyən qrupun (astrofizik və s. əlaqəli şəxslərin) əlindədir. Ümumən insanlar bu imkana malik deyillər. Adi adamlar optik cihazlarla öz təqvimini tənzimləmək iqtidarında deyillər.

Optik cihazı kafi hesab edən fəqihlərin dəlilləri də kifayət qədər güclüdür. Bu dəlillər sırasında Həzrət Peyğəmbərdən (s) bir çox yolla nəql olunan hədisi göstərmək olar:

“Hilalı görəndə orucu tutun, hilalı görəndə bayram edin” (“əl-Kafi”,c.4,s.76).

Hədisdə “görün” ifadəsi işlənir. Əgər 14 əsr əvvəl Ayı ancaq adi gözlə müşahidə etmək və görmək mümkün idisə, bu gün hilalın teleskop, durbin və digər böyüdücü şüşələr vasitəsilə birbaşa müşahidəsi mümkündür. İşin mahiyyəti qalıb- Ayın müşahidəsi. Lakin elmi tərəqqi və dövrün yenilikləri ilə müxtəlif yaxınlaşdırıcı şüşələrlə müşahidə olunur.

Yuxarıda qeyd etdiklərimizdən də aydın olur ki, bu məsələdə bir sıra ictihadi fərqlər mövcuddur. Bu isə qeyd olunan məsələdə yalnız öz mərceyi-təqlidimizin, yəni təqlid etdiyimiz müctəhidin nəzərinə əməl etməyi zəruri edir.

Burada əziz möminlər irad edib, müctəhidlərin fətvasına göstərə bilərlər ki, “Ayın görünməsi təqlid məsələsi deyil”. Bəli, Ayın görünməsi təqlidi məsələ deyil. Lakin hicri ayın əvvəlinin təyin olunması təqlidi məsələdir. Yuxarıda göstərdiyimiz məsələlər və adlarını çəkdiyimiz müctəhidlər arasındakı fərqlər bunu sübut edir.

Ümumən hicri ayın əvvəli 5 yolla sübut olunur:

1. İnsan öz Ayı görsə (adi yaxud optik gözlə);

2. Sözlərindən əminlik hasil olan bir qrup adamın şəhadət verməsi ilə həmçinin, əminlik hasil olan hər şeyin vasitəsi ilə;

3. İki adil kişinin şəhadət verməsi ilə

4. Şəban ayının əvvəlindən 30 gün keçmiş olsa; Bunun vasitəsi ilə ramazan ayının əvvəli olması sübuta yetir. Yaxud ramazan ayının əvvəlindən 30 gün keçsə, bu halda şəvval ayının əvvəli sübut olunur.

5. Şəriət hakiminin (hakimi şər) hökmü ilə; Belə ki, adil müctəhid üçün ayın əvvəli sabit olduqdan sonra ayın əvvəli olmasına hökm versin. Belə olan halda hamının ona itaət etməsi lazımdır və yalnız səhv etməsinə yəqin edən şəxslər ona itaət etməyə bilər (Yuxarıda adını qeyd etdiyimiz bəzi müctəhidlər bu bəndi- şəriət hakiminin hökmünü mötəbər bilmirlər).

Qeyd: Bəzən şəriət hakiminin hökmü ilə, elannamə verməsi səhv salınır. Ümumiyyətlə, son illər ərzində hansısa müctəhid ayın başlanması barədə hökm verməyib. Lakin bir sıra müctəhidlərin- Ayətullah Xameneyi, Ayətullah Sistani və s. mərcelərin dəftərxanaları ayın həmin müctəhidə sabit olması (sübut olması) haqda elan verirlər. Lakin bu elanlar barədə bir neçə məsələyə diqqət yetirmək lazımdır:

1. Hökmdən fərqli olaraq elannaməyə əməl etmək heç kimə, hətta həmin müctəhidin müqəllidlərinə belə vacib deyil.

2. Elannamənin məqsədi müqəllidlərə köməkdir. Əgər müctəhidin dəftərxanası elan yaysa, yəqinlik gətirdiyi halda əməl etmək lazımdır.

3. Elannamədə qeyd olunan üfüqə diqqət yetirmək lazımdır. Məsələn, əgər Ayətullah Xameneyinin ofisi elannamə yayıbsa, bu, İran üfüqü və onunla müştərək olan üfüqlərə aiddir. Ümumən müctəhidlərin nəzərində üfüq məsələsi 2-ci məqalədə izah olunacaq.

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!