Məhrum Ayətullahul-uzma Şeyx Fazil Lənkəraninin (r.ə.) həyatı
Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani miladi tarixi ilə 1931-ci ildə müqəddəs Qum şəhərində dünyaya ğöz açmışdır. Onun atası mərhum Ayətullah Fazil Lənkərani Qum elmi hövzəsinin böyük alimləri və ustadlarından olmuş, anası isə tanınmış və hörmətli seyyidə bir qadın olmuşdur.
Təhsil:
Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani ibtidayi təhsilini bitirdikdən sonra, böyük şövqlə Qum elmi hövzəsində dini-İslami elmlərə yiyələnməyə başlamışdır. O, elmi hövzənin dərslərini altı il müddətində bitirərək, on doqquz yaşında ikən Ayətullahil-üzma Brucerdinin (r.ə.) "Fiqh" və "Üsul" elmlərinin ali dərslərində iştirak etmiş və yaşının azlığına baxmayaraq, elə o vaxtlar ustadı və tələbələrin diqqətini özünə cəlb etmişdir.
Ustadları:
Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani on bir il müddətində Ayətullahil-üzma Brucerdinin (r.ə.) "Fiqh" və "Üsul" elmləri, doqquz il müddətində isə İmam Xomeyninin (r.ə.) ali (xaric) dərslərində iştirak etmiş və bu iki böyük şəxsiyyətdən elmi və mənəvi bəhrə almışdır.
Həmşinin bir neçə il müddətində Ayətullah Əllamə Təbatəbainin (r.ə.) fəlsəfə və təfsir dərslərində də iştirak etmişdir.
Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani iyirmi beş yaşında ikən ictihad dərəcəsinə nail olmuş, Ayətullahil-üzma Brucerdi (r.ə.) də onun ictihad dərəcəsinə nail olduğunu təsdiq etmişdir.
Tədris:
Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani Qum Elmi Hövzəsində uzun illər boyu bir çox tələbələr üçün dərs vermiş və otuz beş il müddətində "Fiqh" və "Üsul" elmlərinin ali dərslərinin tədrisinə məşğuldur. Belə ki, onun dərslərində yeddi yüzdən çox tələbə və alim iştirak edir və habelə onun "Fiqh" elminin ali dərsləri neçə ildir ki, İran İslam Respublikasının radiosundan efirə verilir.
Siyasi fə`aliyyətlər:
İmam Xomeyninin (r.ə.) şah rejimi əleyhinə olan siyasi mübarizələri başlayan vaxtdan Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani də bu mübarizəyə qoşulmuş və dəfələrlə şah rejimi tərəfindən tutulmuş, həmçinin İranın Bəndər Ləngə və Yəzd şəhərlərinə sürgün edilmişdir.
Mərcəiyyət məqamı:
İmam Xomeyninin (r.ə.) vəfatından sonra bir çox mö`minlər Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkəraniyə təqlid etmiş, Ayətullahil-üzma Ərakinin (r.ə.) vəfatından sonra isə Qum Elmi Hövzəsinin müəllimlər icması tərəfindən müsəlmanlar üçün mərcəyi-təqlid kimi tanıtdırılmışdır.
Vəfatı:
Ayətullah Lənkərani uzun sürən xəstəlikdən sonra 16 iyun 2007-ci il tarixində 76 yaşında İranın Qum şəhərində vəfat edib. Ayətullah Lənkəraninin dəfn mərasimi iyun ayının 18-i 2007-ci il tarixində müqəddəs Qum şəhərində keçirilib və mərhum alim 7-ci İmam Museyi-Kazımın (ə.) qızı Həzrəti Məsumənin (s.ə.) müqəddəs hərəmində dəfn edilib.
Əsərləri:
Ürvətul-vüsqa kitabına haşiyə;
Nəhayətut-təqrir (2 cilddə, ərəbcə);
Mühəqqiq Həmədaninin Təharət kitabına haşiyə (ərəbcə);
Kitabus-sovm (ərəbcə);
Kitabul-qəza (ərəbcə);
Əl-qəvaidul-fiqhiyyə (ərəbcə);
Təqriratul-üsul (İmam Xomeyninin dərsləri), (15 cilddə, ərəbcə);
Tovzihul-məsail;
Həmd surəsinin təfsiri (ərəbcə);
Peyğəmbərlərin isməti;
Əhli-beyt (ə), yaxud Təthir ayəsindəki parlaq simalar;
Pak imamlar, yaxud Qur`ani-kərimdə vəhy gözətçiləri; (Qeyd etmək lazımdır ki, 11 və 12-ci kitablar Ayətullah İşraqinin həmkarlığı ilə yazılmışdır);
Ayətullah Brucerdinin (r.ə) dərslərinin tədrisi (ərəbcə);
Ürvətul-vüsqa kitabının İctihad və təqlid bölməsinin şərhi (ərəbcə);
Əl-məsailul-müstəhdəsə (ərəbcə);
Həcc və ömrənin xələli (ərəbcə);
Əl-əhkamul-vazihə (ərəbcə fətvalar);
Əhkamul-həcc Təhrirul-vəsilə kitabnın həcc bölməsinə haşiyə- (ərəbcə);
Tibyanul-üsul İmam Xomeyninin (r.ə) dərslərinin təqriri (ərəbcə, 4 cilddə);
Fərağ və təcavüz haqqında risalə;
Xaric Üsul dərslərinin təqriri (8 cilddə);
Həcc əməlləri;
Barışdırıcı təqiyyə;
İmam Əlinin (ə) nəzərində ölkəyə rəhbərlik;
Məcməul-fəharis (Biharul-ənvar, Əl-qədir və Əl-mizan fi təfsiril-Qur`an kitablarının mündəricatı).