İstihlal » Ayətullahul-uzma Sistaninin müqəllidlərinin suallarına cavab

Bismillahir-Rahmənir-Rahim!

Mübarək ramazan ayının əvvəlindən saytımıza gələn çoxsaylı sualllara cavab vermək üçün Allah iznilə bu kiçik məqaləni sizə təqdim etmək qərarını verdik. Əslində, saytımızda keçən ildə də Ayətullah Sistani həzrətlərinin müqəllidlərinin vəzifəsi barədə məqalələr çap olunmuşdu.

Qeyd edək ki, əksər mərcəyi-təqlidlər ramazan ayının əvvəlini iyunun 18-nə elan etsələr də, Ayətullah Sistaninin dəftərxanası bildirdi ki, Seyidə ayın əvvəli sabit olmayıb və iyunun 19-u mübarək ramazan ayının 1-ci günüdür.

Əziz oxucular tərəfindən bizə ən çox ünvanlanan suallar sırasında aşağıdakıları qeyd etmək olar:

1. Seyidə təqlid edənlərin onun elanına əməl etməsi vacibdirmi?

2. Ayın əvvəlinin 18-i elan etmiş müctəhidlərin elanı bizdə yəqin yaratsa, əməl edə bilərikmi?

3. Ayın əvvəli 2 adil şahidin şəhadəti ilə sübut olunur, nə üçün ayı elan etmiş o qədər fəqihləri adil şahidlər kimi qəbul etmirik?


Bu suallara cavab üçün Ayətullah Sistaninin dəftərxanasından verilən cavabı təqdim edirik:

Yeni ayın başlanması insanın yaşadığı şəhərin üfüqündə yeni ayın hilalının adi gözlə (cihazsız) görünməsindən asılıdır. Demək, aşağıdakı hallar sizin və başqaları üçün sübuta yetsə də öz-özlüyündə (təklikdə) ayın başlanmasına dəlil deyil:

1. Ay digər şəhərdə görünsün və görünə bilsin.

2. Ay durbin, teleskop və yaxud digər astronomik cihazlar vasitəsilə görünsün.

 

Aşağıdakı hallar isə dəlil sayılmır:

1. Bir neçə nəfər şəhadət verirlər ki, bir şəhərdə ayı görmüşlər və bir neçə nəfər onlar kimi olanlar da həmin şəhərdə ayı görə bilməmişlər.

2. Şəriət hakimi (digər mərcəi-təqlid) ayın biri olduğuna hökm edir.

3. Fətvaları yuxarıdakı bəndlərlə tamamilə üst-üstə düşməyən digər mərcəyi-təqlidlər üçün ayın birinin sabit olması. Çünki fətvadakı fikir ayrılığına görə onlar üçün ayın biri sabit ola bilər. Aydındır ki, müqəllid bu məsələdə öz mərcəyi-təqlidinə təqlid etməlidir.

Yuxarıda qeyd olunanlardan aydın oldu ki, ramazan ayının əvvəlini elan edən digər mərcəyi-təqlidlərin elannamələri Ayətullah Sistaninin müqəllidləri üçün dəlil ola bilməz. Misal üçün ölkəmizdə təqlid olunan böyük fəqihlərdən Ayətullah Xameneyi həzrətləri optik cihazla müşahidəni kafi bilir. Həmçinin Şeyx Məkarim Şirazi həzrətləri isə yaxın ölkələri müştərək üfüqdə bilir (halbuki Seyid Sistaninin nəzərərində "müştərək üfüq" anlayışı bir qədər fərqlidir) və şərqdəki məntəqlərdə görünən Ayı qərbdəkilər üçün də dəlil hesab edir. "Müştərək gecəli şəhərlər" nəzərinə malik olan fəqihlərin elanları isə ümumiyyətlə Seyidin müqəllidlərinə aid ola bilməz.

Elmi-proqnoz xəritələrinə nəzər yetirsək görərik ki, iyunun 17-si axşam Azərbaycanın yerləşdiyi üfüqdə Ayın adi gözlə müşahidəsi qeyri-mümkün idi:

 

Hərçənd ki, biz bu xəritələrin mütləq düzgün olduğunu iddia etmirik və buna etiqadlı da deyilik. Lakin elmi-proqnoz xəritələrindən 2 məsələ aydın olur:

1. Müştərək üfüqlü məntəqələr. Xəritədə ölkəmizlə eyni rəng zolağında qeyd olunan ərazilər Ayın görünməsi baxımından bərabər imkanlara malikdirlər və beləliklə, Ayətullah Sistaninin nəzərinə əsasən müştərək üfüqdə yerləşirlər.

Ramazan ayı ərəfəsində Ayətullah Xameneyinin ofisi nəzdindəki istihlal mərkəzindən verilən açıqlamada bildirilmişdi ki, iyunun 17-si İranın cənub ərazilərində Ay adi gözlə görünə bilər ki, lakin şimal (sayt tərəfindən- Azərbaycanla müştərək üfüqə düşən) ərazilərdə optik cihazlarla müşahidə olunacaq.

İstihlal mərkəzindən verilən məlumata əsasən, iyunun 17-si axşamçağı aparılan müşahidələrdə yalnız İsfahan və Hörmüzqan ərazilərində Ay adi gözlə müşahidə olunub. Həmin məntəqlər isə İranın mərkəzi və cənub ərazilərində yerləşdiyindən, onların bizim ölkə ilə müştərək üfüqdə olduğunu deyə bilmərik.

Bizə üfüq və mövqe cəhətdən yaxın olan Xorasan, Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərində isə Ay müşahidə olunmayıb.

2-ci xəritələrdən aydın olan məsələ isə ondan ibarətdir ki, həmin gecə Nəcəf şəhərində Ayı görmək imkanları Bakıdan qat-qat üstün idi. Ayın Günəşdən 44 dəqiqə sonra qürub etməsi faktını qeyd etmək kifayətdir. Belə olan halda həmin üfüqdə Ayın müşahidəsi mümkün olmayıbsa, bizim üfüqümüzdə bunun baş verməsini necə iddia edə bilərik?!

Sonda yekun olaraq qeyd edirik ki, Ayətullahul-uzma Seyid Əli Sistani həzrətlərinə ramazan ayı iyunun 19-u sabit olmuşdur və beləliklə əhya gecələri də bunu müvafiq şəkildə 1 gün gecikmə nəzərə alınmaqla qeyd olunmalıdır. Əlbəttə, daha üstünü budur ki, ehtiyat və müsəlmanlar arasında vəhdət baxımından 6 gecə əhya saxlanılsın.

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!