Ayət namazı necə qılınır?

Cavab: Ayət namazı iki rük`ətdir və hər rük`ətdə beş rüku vardır. Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rükuya getsin, rükudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə rükuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rükudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rük`əti də birinci rük`ət kimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin.

Ayət namazında mümkündür ki, insan niyyət, təkbir və Həmddən sonra, bir surənin ayələrini beş yerə bölsün və bir ayə, ya çox oxusun. Bir ayədən az da oxuya bilər, amma ehtiyata əsasən gərək cümlə tamam olsun və surənin əvvəlindən başlasın, bismillah deməklə kifayətlənməsin və sonra rükuya getsin və rükudan qalxsın. Həmd oxumadan həmin surədən ikinci hissəni oxusun və rükuya getsin. Bu qayda üzrə beşinci rükudan əvvəl surəni tamam etsin, məsələn; «Fələq» surəsində birinci «Bismillahir-rəhmanir-rəhim». «Qul ə`uzu birəbbil-fələq» – desin və rükuya getsin, sonra qalxsın və desin: «Min şərri ma xələq» – təzədən rükuya getsin və rükudan sonra qalxsın və desin: «Və min şərri ğasiqin iza vəqəb». Yenidən rükuya getsin və qalxıb desin: «Və min şərrin-nəffasati fil-uqəd». Rükuya gedib, yenə də qalxıb desin: «Və min şərri hasidin iza həsəd». Ondan sonra beşinci rükuya getsin və qalxandan sonra iki səcdə etsin və ikinci rük`əti də birinci rük`ət kimi yerinə yetirsin. İkinci səcdədən sonra təşəhhüd oxusun və sonra namazın salamını versin. Həmçinin, beşdən az hissəyə bölməsi də caizdir. Lakin, nə vaxt surəni tamam etsə, sonrakı rükudan qabaq Həmdi oxuması lazımdır.

Əgər şəxs ayət namazının bir rük`ətində beş dəfə Həmd və surə oxusa, o biri rük`ətdə isə Həmdi oxuyub, surəni beş yerə bölsə, eybi yoxdur.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.1488-1490

 

2 Fevral, 2012  03:47 Baxılıb: 6302 Çap

Bu bölmədə