Cavab 1: Hökm - İslam ölkəsinin idarəçiliyinə aid olan məsələlər və bütün müsəlmanlara aidiyyatı olan məsələlər xüsusunda verilir. Hökmdə müsəlmanların rəhbərinin rəyinə itaət olunmalıdır. Amma fətva - mükəlləflərin sırf fərdi məsələlərinə aid olur və hər bir mükəlləf öz mərcəyi-təqlidinin fətvasına tabe olmalıdır.
Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası
Cavab 2: Fətva- Quran, sünnə, əql və icma əsasında sübut olunub, nəticə çıxarılmış şəriət məsələsidir.
Lakin əgər vəliyyi-fəqih müəyyən bir nəticəyə gələr və müsəlmanlara müəyyən bir işi vacib edisə, bu hökmdür. Yalnız vəliyyi-fəqih hökm vermək səlahiyyətinə malikdir.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası
Cavab 3: Fətva- müctəhidin Quran və sünnə kimi İslami qaynaqlardan əldə etdiyi qanundur. Hökm isə mövcud şəraitin ehtiyac və tələblərinə əsaslanaraq (zəruri) şərtləri özündə cəm etmiş müctəhid tərəfindən verilən əmrdir.
Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası