Müsafirin namazı » Bir şəxs öz işilə bağlı 8 fərsəx məsafəyə çox səfər edirsə, onun şəriətdə "çox səfər edən şəxslər"in hökmünə aid olması üçün hansı şərtlər tələb olunur?

Cavab 1: Əgər işilə bağlı hər 10 gün içərisində ən azı bir dəfə səfər edirsə və bu işi ən azı 3 ay davam etdirmək fikrindədirsə, kəsirus-səfər hökmündədir. Lakin birinci və ikinci səfərində namazı qəsrdir və orucu da səhih deyildir.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Əcvibətul-istiftaat",s.642

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: İşinin müqəddiməsi səfərə çıxmaq olan şəxsin "kəsirus-səfər", yəni çox səfər edən şəxslərin hökmünə aid olması üçün ilk şərt budur ki, ay ərzində 15 gün və daha çox səfər etsin. Əgər 5-14 gün arası səfər etsə, vacib ehtiyata əsasən, gərək namazı həm bütöv, həm də qəsr qılsın. Orucu da ehtiyata əsasən, həm tutsun, həm də sonra qəza etsin. 4 gün və daha az olsa, namazları qəsrdir, yəni qısa qılmalıdır.

İkinci şərt isə budur ki, bu işi ən azı üç ay davam etdirmək məqsədi olsun. Əgər 1-3 ay arası səfər edəcəksə, vacib ehtiyata görə, gərək namazlarını həm tamam, həm də qəsr qılsın. Orucu da ehtiyata əsasən, həm tutsun, həm də sonra qəza etsin. Əgər bir aydan az olsa, namazları qısadır.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasaninin dəftərxanası, istiftaat 42715

Cavab 3: Dörd halda kəsirus-səfər (çox səfər edən insan hökmündə) hesab olur və nəticədə namaz və orucu həmən yerdə və yol əsnasında tamamdır.

1. Bir ay ərzində, hər gün (cümə günü və ya bazar günü olmasa belə) get-gəl etsin.

2. 45 gün ərzində, həftədə 5 gün gedib-gəlsin.

3. 2 ay və daha çox, həftədə azı 3 gün (ya ayda 12 gün) gedib-gəlsin.

4. Azı 2 ay ərzində və 2 ildən az müddətdə, azı 3 gün həftədə bir yerdə qalsın.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası

Cavab 4: Əgər şəxs bir il ərzində 6 ay, yaxud iki il ərzində 3 ay bu işi davam etdirmək məqsədində olsa, həmçinin həftədə 3 gün, ay ərzində azı 10 gün səfərdə olsa, yaxud 10 dəfə səfər etsə, kəsirus-səfər hökmündədir. Amma kəsirus-səfər ünvanı həftədə bir gün səfərdə olana deyilməz. Əgər həftədə iki gün səfərdə olsa, ehtiyat-vacibə görə həm şikəstə, həm də tamam qılmalıdır.

Kəsirus-səfər sayıldığı halda da ehtiyata əsasən, ilk iki həftədə namazlarını həm bütöv, həm də qəsr qılsın.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs. 1295

 
 

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!