Təqlid » Hansı hallarda təqlidsiz vaxtlarda edilən əməllər düzgün hesab olunur?

Cavab 1: Təqlid etməyən və ya düzgün təqlid etməyən şəxslərin əməlləri aşağıdakı hallarda düzgün sayılır:

1. Ya ehtiyata uyğundur.
2. Ya şəri vəzifəsi ilə üst-üstə düşür.
3. Ya da o müctehidin nəzəri ilə uyğundur ki, ona təqlid etmək həmin şəxsin vəzifəsi idi.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.1,s.7

Cavab 2: Mükəlləfin bir müddət təqlidsiz olaraq yerinə yetirdiyi əməllər vəzifəsi hal-hazırda təqlid etməli olduğu müctəhidin fətvası ilə və ya gerçəkliklə müvafiq olarsa düzgündür.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.14

Cavab 3: Əgər insan bir müddət təqlid etmişsə və öz təqlidinin düzgün olub-olmadığını bilmirsə, ötən əməllərinə irad yoxdur. Amma hazırkı və gələcək əməllərində düzgün təqlid etməlidir.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.18

Cavab 4: Mükəlləf bir müddət təqlidsiz hərəkət edərsə, burada üç hal fərz edilə bilər:

1) Əgər onun əməlləri həqiqətlə, yaxud hal-hazırda onun mərcəi-təqlidi ola biləcək, təqlid etməli olduğu müctəhidin fətvasına uyğundursa, bu halda onun keçmiş əməlləri, hərəkətləri düzgün sayılır.

2) Əgər onun əməlləri həqiqətlə, yaxud belə bir (1-ci bənddə qeyd edilən xüsusiyyətlərə malik) müctəhidin fətvasına uyğun deyilsə, burada dörd vəziyyət təsəvvür edilə bilər:

a) Əməldə nöqsan rüknlər və bu kimi şeylərlə bağlı olarsa, sözügedən əməl batildir. Məsələn, namaz qılan şəxs “təkbirət əl-ehram”ı deməzsə, ya rüku etməzsə, yaxud ayaq üstə namaz qılmalı olduğu halda, oturaq halda qılarsa və ya namazını düzgün qaydada alınmamış dəstəmaz, qüsl, yaxud təyəmmümlə qılarsa, namazı batil sayılır.

b) Əməldə nöqsan rüknlər və bu kimi şeylərlə bağlı olmazsa və insan “qasir cahil” olarsa, yəni məsələni öyrənməkdə səhləkarlığa yol verməmişdirsə, bu halda sözügedən əməl doğrudur. Məsələn, namaz qılan şəxs namazının Həmd və surəsini, yaxud rüku və səcdəsinin zikrlərini və ya təşəhhüdünü səhv oxuyarsa, ancaq onları öyrənməkdə səhlənkarlığa yol verməmişdirsə, onları bilmədiyinə görə “müqəssir” deyilsə; yaxud namaz qılan səcdə halında əlini, yaxud ayağının baş barmağını yerə dayamazsa və məsələni bilməməkdə və öyrənməməkdə müqəssir olmazsa, namazı doğrudur.

c) Əməldə nöqsan rüknlər və bu kimi şeylərlə bağlı olmazsa, ancaq mükəlləf “müqəssir cahil” olarsa (yəni məsələni öyrənməməkdə və bilməməkdə səhlənkarlığa yol vermişdirsə) və səhvin baş verdiyi xüsus müqəssir cahilin səhv hərəkətinin əməlin batil olmasına səbəb olduğu hallardan olarsa, bu halda həmin əməl batil sayılır. Məsələn, “b” bəndində misal olaraq verilən hallarda məsələni öyrənməkdə səhlənkarlığa yol verən və müqəssir olan namaz qılanın namazı batil sayılır.

d) Əməldə nöqsan rüknlər və bu kimi şeylərlə bağlı olmazsa, ancaq insan müqəssir cahil olarsa, səhvin baş verdiyi xüsus məsələni hətta üzrsüz və təqsir (səhlənkarlıq) ucbatından bilməməyin belə  əməlin batil olmasına səbəb olmadığı hallardan olarsa, hərçənd bu halda insan qarşısına çıxan məsələni öyrənmədiyinə görə günahkar sayılsa da, sözügedən əməl doğru sayılır. Məsələn, bir kişi və ya qadın məsələni bilmədiyinə görə zöhr və əsr namazlarında surələri uca səslə oxumuşdursa, yaxud bir kişi məsələni bilmədiyinə görə məğrib və işa namazlarında surələri asta səslə oxumuşdursa və ya bir şəxs məsələni bilmədiyinə görə namazlarında təsbihati-ərbəəni uca səslə oxuyarsa, hərçənd məsələni öyrənməkdə səhlənkarlığa yol verərək müqəssir olsa da, qıldığı namaz doğrudur.

3) Əgər insan keçmiş əməllərini hansı şəkildə həyata keçirdiyini bilmirsə, məsələn, həddi-büluğa çatdığı ilk dövrlərdə namazını doğru qaydada qılıb-qılmadığını, yaxud orucunu düzgün tutub-tutmadığını xatırlamırsa, ancaq sözügedən əməlləri düzgün şəkildə həyata keçirdiyini məntiqli əsaslarla ehtimal edirsə, bu halda da “Minhac əs-salihin” risaləsində qeyd edilən bəzi hallar istisna olmaqla, onun keçmiş əməlləri doğru sayılır.

Ayətullahul-uzma Seyid Əli Sistani, "Geniş izahlı şəriət məsələləri",məs.18

 

 

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!