17 Yanvar, 2012
Gündəlik namazların nafilələrinin vaxtı nə zamandır?

Cavab: Məğrib namazının nafiləsinin vaxtı məğrib namazı tamam olandan sonradır və məğrib namazının axır vaxtına kimi davam edir. Müstəhəbb ehtiyat budur ki, günəş batandan sonra məğrib tərəfdə görünən qırmızılıq itməmiş qılınsın, əgər qırmızılıq itdikdən sonra qılınarsa, əda və qəza niyyəti etməsin.

İşa namazının nafiləsinin vaxtı, işa namazı tamam olandan sonra gecə yarısına kimidir. İşa namazından dərhal sonra, fasiləsiz olaraq qılınması daha yaxşıdır.

Sübh namazının nafiləsinin vaxtı, vacib ehtiyata əsasən, birinci fəcrdən sonra (sübh namazından əvvəl) başlayır və məşriq tərəfdən qırmızılıq görünənə qədər davam edir. Əgər məşriq tərəfdə qırmızılıq görünəndən sonra qılmaq istəyən kəs sübh namazından sonra, əda və qəza niyyəti etmədən qılmalıdır. Gecə namazı qılan şəxs gecə nafiləsindən sonra fasiləsiz olaraq sübhün nafiləsini qıla bilər.

Zöhr namazının nafiləsi zöhr namazından əvvəl qılınır və onun vaxtı zöhrün əvvəlidir. Vacib ehtiyata əsasən, zöhr namazı nafiləsinin son vaxtı şaxisin zöhrdən sonra görünən kölgəsinin boyunun yeddidə ikisinə çatdığı vaxt qədərdir. Məsələn, əgər şaxisin hündürlüyü yeddi qarışdırsa, zöhrdən sonra yaranmaq kölgənin uzunluğu iki qarışa çatsa, ehtiyata əsasən, bu, zöhr namazının axır vaxtıdır.

Əsr namazının nafiləsi əsr namazından əvvəl qılınır və onun vaxtı vacib ehtiyata əsasən, şaxisin zöhrdən sonra görünən kölgəsinin boyunun yeddidə dördünə çatdığı vaxta qədərdir. Əgər zöhr və əsrin nafiləsini, onların vaxtından sonra qılmaq istəsələr, vacib ehtiyat budur ki, zöhrün nafiləsini zöhrdən sonra, əsrin nafiləsini isə əsrdən sonra qılsınlar və bu zaman əda və qəza niyyəti etməsinlər.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail", məs. 774-778

Bütün hüquqlar qorunur  ©  Dini suallara cavablar

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!