Namazda şəkk » Namazı batil etməyən yəni səhih olan şəklər hansılardır?

Cavab: Doqquz halda, əgər dörd rükətli namazların rükətlərinin sayında şəkk etsə, fikirləşməli və vacib ehtiyata əsasən, gecikdirməməlidir. Əgər şəkkin iki tərəfindən birinə yəqin etsə, ya gümanı gəlsə, həmin tərəfi əsas götürüb namazı tamamlamalıdır. Əgər bu cür olmasa, deyiləcək göstərişlərə əməl etməlidir. Həmin doqquz hal bunlardan ibarətdir:

1. İkinci səcdənin vacib zikri qurtardıqdan sonra iki, yoxsa üç rükət qıldığında şəkk etsə, üç rükət qılmış olduğunu hesab edərək əlavə bir rükət namaz qılıb namazı tamamlamalı və namazdan sonra ayaq üstə bir rükət ehtiyat namazı qılmalıdır.

2. İkinci səcdənin vacib zikri tamamlandıqdan sonra iki ilə dörd rükət arasında şəkk etdikdə; Bu halda namazı əvvəldən (yenidən) başlamaqla dördüncü rükət hesab edib (namazı tamamladıqdan sonra) ehtiyat namazı yerinə yetirməkdə ixtiyarlı olduğuna üstünlük verilməsinə baxmayaraq, lakin vacib ehtiyat budur ki, dördüncü rükət hesab edib, namazı tamamlasın və namazdan sonra ayaq üstə iki rükət ehtiyat namazı qılsın.

3. İkinci səcdənin vacib zikri başa çatdıqdan sonra iki, üç, yoxsa dörd rükət qıldığında şəkk etdikdə; bu halda onu dördüncü rükət hesab edib namazı tamamlamalı və namazdan sonra ayaq üstə iki rükət və sonra oturan halda da iki rükət ehtiyat namazı qılmalıdır.

4. İkinci səcdənin vacib zikri başa çatdıqdan sonra dörd ilə beş rükət qıldığında şəkk etsə; dördüncü rükətdə olduğunu hesab edib, namazı tamamlamalı və namazdan sonra iki səhv səcdəsi yerinə yetirməlidir. Lakin əgər birinci səcdədən sonra, yaxud ikinci səcdənin vacib zikri başa çatmazdan öncə bu dörd şəkdən biri qarşıya çıxsa, namazı batildir.

5. Namazın hansı yerində olmasından asılı olmayaraq üçlə dörd rükət qıldığında şəkk etsə, onu dördüncü rükət hesab edib, namazı tamamlamalıdır və məhşur nəzərə görə, namazdan sonra bir rükət ayaq üstündə və ya iki rükət oturan halda ehtiyat namazı qılmalıdır. Lakin vacib ehtiyat budur ki, oturan halda iki rükət qılmağa üstünlük versin.

6. Ayaq üstə olduğu halda dördlə beşinci rükət arasında şəkk etsə, oturub təşəhhüdü oxumalı və namazın salamını verməlidir. Məhşur nəzərə əsasən, namazdan sonra ayaq üstə bir, yaxud oturan halda iki rükət ehtiyat namazı yerinə yetirməlidir. Lakin vacib ehtiyat budur ki, oturan halda iki rükət qılmağı seçsin.

7. Ayaq üstə olan halda üçlə beş rükət arasında şəkk etsə, oturub təşəhhud oxumalı və salamı deyəndən sonra ayaq üstə iki rükət ehtiyat namazı qılmalıdır. (Necə ki, ikinci fərzdə qeyd olundu.)

8. Ayaq üstə olan halda üçlə dörd və beş rükət qıldığında şəkk etsə, oturub təşəhhüdü oxumalı və namazın salamından sonra iki rükət ayaq üstə və ondan sonra iki rükət də oturan halda ehtiyat namazı qılmalıdır.

9. Ayaq üstə olan halda beşlə altı rükət arasında şəkk etsə, oturub təşəhhüd oxumalı və namazın salamından sonra iki səhv səcdəsi yerinə yetirməlidir. Həmçinin, müstəhəbb ehtiyata əsasən, bu dörd halda yersiz ayağa qalxdığı üçün iki səhv səcdəsi yerinə yetirməlidir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1207

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!