Yemək-içmək » Silahla vurulmuş heyvan halal və pak sayılırmı? Onu yemək olarmı?
Cavab: Əgər əti halal olan vəhşi heyvanı silah ilə ovlasalar və o ölsə, beş şərt ilə halal və bədəni pak olar.

1. Ov silahı bıçaq və qılınc kimi kəsici olsun, ya nizə və ox kimi iti olsun ki, heyvanın bədənini parçalasın. İkinci halda, əgər silahın süngüsü olmasa, halal olmasının şərti budur ki, heyvanın bədənini yaralasın, ya parçalasın. Əgər süngüsü olsa, yaralamasa da belə, onu öldürməsi kifayətdir. Əgər tələ, ağac və ya daş və bu kimi vasitə ilə bir heyvanı ovlasalar və o, ölsə, pak olmaz və onu yemək də haramdır. Həmçinin, vacib ehtiyata əsasən, silah olmayan iti bir şeylə, məsələn, böyük iynə, kabab şişi və bu kimi şeylə heyvanı ovlasalar, hökm eynidir. Əgər bir heyvanı tüfəng ilə ovlasalar, belə ki, onun gülləsi heyvanın bədəninə daxil olaraq onu parçalayarsa, pak və halaldır, istər güllə iti olsun, istər olmasın. Güllənin də dəmirdən olması lazım deyil. Amma əgər güllə heyvanın bədəninə daxil olmasa və təzyiq nəticəsində heyvanı öldürsə, ya onun istiliyi ilə heyvanın bədənini yandırsa və yandırmaq nəticəsində heyvan ölsə, onun pak və halal olması işkallıdır.

 

2. Ov edən şəxs gərək müsəlman, ya yaxşı və pisi başa düşən müsəlman uşağı olsun. Əgər əhli-kitab olmayan kafir, ya kafir hökmündə olan (nəvasib kimi) şəxs bir heyvanı ovlasa, o ov halal deyil. Hətta əgər kitab əhli olan kafir bir heyvan ovlasa və Allahın adını çəksə də, vacib ehtiyata əsasən o heyvan halal olmur.

 

3. Silahı, heyvan ovlamaq üçün işlətsin. Əgər bir yeri nişan alıb, təsadüfən bir heyvanı öldürsə, o heyvan pak deyil və ətini yemək də haramdır. Amma əgər bir heyvanı tuşlayıb atsa və başqasına dəyib öldürsə, halal olur.

 

4. Silahı işlədən vaxt Allahın adını çəksin, belə ki, hədəfə dəyməzdən əvvəl Allahın adını çəksə, kifayət edər. Amma əgər bilə-bilə Allahın adını çəkməsə, ov halal olmaz, lakin yaddan çıxarsa, eybi yoxdur.

 

5. Heyvana, öldükdən sonra yetişməli və ya diri olarsa da, başını kəsəcək qədər vaxt olmamalıdır. Əgər başını kəsəcək qədər vaxtı olduğu halda, heyvanın başını kəsməsə və heyvan ölərsə, o heyvan haramdır.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.2559

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!