Ayətullah Sistaninin ölkəmizdəki müqəllidlərinin vəzifəsi nədir?

»»

Ayətullah Sistaninin ölkəmizdəki müqəllidlərinin vəzifəsi nədir?

Bismillahir-Rahmənir-Rahim!

Bu gün (29 iyul) mərcəiyyət (Allah onları hifz eləsin) tərəfindən mübarək Fitr bayramı elan olunmuşdur. Saytımıza ünvanlanan çox saylı sualları nəzərə alaraq, Ayətullahul-uzma Seyid Sistani həzrətlərinin əziz müqəllidlərinə bir neçə məsələni aydınlaşdırmaq istəyirik, inşəallah.

Dünən gecə möhtərəm Seyid Sistaninin dəftərxanası Nəcəf-əşrəfdə cənab Seyidə ayın sabit olması ilə bağlı elannamə yaydı. Biz də bu elannamə saytımızda dərc etdik. Lakin gecənin irəliləyən saatlarında Seyid (h.) Azərbaycan dilli səhifəsində elan olundu ki, Azərbaycan üçün Fitr bayramı 30 iyula təsadüf edir. Həmçinin Seyidin (h.) Rusiyadakı nümayəndəliyi bizə cavab olaraq məktubunda bildirdi ki, Azərbaycan və Rusiya üçün Fitr bayramı iyulun 30-dur.

Əvvəla Seyid Sistani həzrətlərinin verdiyi fətvaya əsasən, ayın əvvəlinin təyin olunmasında şəriət hakiminin- müctəhidin hökmü keçərli deyil və müqəllid də buna əməl edə bilməz. Yalnız yəqin gətirdiyi halda əməl etməlidir. Deməli, Seyidin (h.) Azərbaycandakı heç bir müqəllidin bu hökmə əməl etməsi vacib deyil. Əslində isə heç bu hökm yox, hansısa nümayəndənin yaxud dəftərxana işçisinin gəldiyi qənaət yaxud "elannamə"dir.

Seyidin (h.) digər fətvasına görə isə Ayın görünməsində təqlid yoxdur. Yəni mükəlləf yəqin etsə ki, onun yaşadığı şəhərdə yaxud onunla müştərək üfüqdə Ay görünüb, bayram etməlidir.

İkinci bir məsələ isə bəzi mömin qardaşların məşhur "moonsighting" saytının istihlal-proqnoz xəritələrini yayması və sübut gətirməsidir.

Biz sayt olaraq hələ keçən il məqalələr hazırlamış və bu sözügedən saytın xəritə və proqnozlarından istifadə etmişdik. Lakin biz məqalədə qeyd etmişdik ki, şəriətimizdə istihlal proqnozları höccət sayılmır. Bizim bu proqnozları göstərməkdə məqsədimiz xüsusilə oxuculara "müştərək üfüq" məsələsini izah etməkdi.

İndi isə bu saytın xəritə və proqnozları və onlardakı xəta ehtimalları barədə məlumat vermək istərdik. Əvvəlcə dünən axşamkı proqnoz xəritəsinə diqqət yetirək (şəkillərin üzərinə vurmaqla böyütmək olar):

Xəritədən görünür ki, Azərbaycan Respublikası şərti boz rəngli zolaqla göstərilmişdir. İzahda isə "Optical Aid to find moon"- yəni, Ayı tapmaq üçün optik cihazın istifadəsindən söhbət gedir. Diqqət edin: Qırmızı zolaqda adi gözlə görmək tamamilə istisna olunduğu halda, bura istisnadan söhbət getmir. Yəni cənab Seyidin (r.) rəyinə əsasən, Ayı adi gözlə görmək şərt sayıldığından, burada Ayın gözlə görünməsi mümkündür. Sadəcə Ayın yerinin müəyyən olunmasında çətinlik olduğundan, optik cihazdan istifadə edərək yeri müəyyən edilə və Adi gözlə görünə bilər.

Yəni bu xəritə əsasında heç kim iddia edə bilməz ki, boz rəngli zolaqlı ərazilərdə Ayı adi gözlə görmək mümkün deyildir. Məsələn, Seyid Sistaninin rəsmi saytı bu günü (29 iyul) Türkiyə və Yunanıstanda Fitr bayramı elan etmişdir. Halbuki, xəritədən aşkar görünür ki, həmin ölkələrin ərazisinin mütləq əksəriyyəti boz rənglə təsvir olunub. Yəni Ayı görmək imkanları baxımından Azərbaycanla müştərəkdirlər. Belə olan halda necə olur ki, həmin ölkələrdə Ay sabit olur amma Azərbaycan Skandinaviya, Rusiya və İngiltərə kimi Ayı ümumiyyətlə görməyən ölkələrlə eyni gündə bayram edir?!

İndi isə keçən ilin ramazan ayının proqnoz xəritəsinə baxaq:

Keçən il müqəllidlər xatırlayar ki, Seyidə (h.) iyulun 9-u axşamçağı müşahidələrlə ay sabit olmuşdu  İraq və Orta Şərqdə mübarək Ramazan ayının əvvəli elan etmişdi. Halbuki, yuxarıdakı xəritədə aydın görünür ki, İraq ərazisi və Nəcəf şəhəri boz rəngdə və ölkənin şimal hissəsi isə qırmızı rəngdə təsvir olunub. Bu isə həmin ərazilərdə adi gözlə müşahidəni inkar edir (!). Belə olan halda sual yaranır ki, necə ola bilər ki, boz və qırmızı rənglərlə təsvir olunan Orta Şərqdə Ay müşahidə olundu?!

İndi isə sözügedən saytın proqnozları ilə üst-üstə düşməyən məqamlardan bir neçə nümunə gətirək:

Bu proqnoz xəritəsi 2006-cı ilin şəvval ayının proqnoz xəritəsidir. Xəritədən görünür ki, oktyabrın 23-ü İraq və Orta Şərqdə Ayın görünməsi qeyri-mümkün idi. Lakin həmin gecə Seyidə (h.) ayın əvvəli sabit oldu. Buna əsasən ya böyük fəqihimizin səhv etdiyini iddia etməliyik ya da xəritələrdə xətalar olduğunu! Biz 2-ci varianta üstün veririk.

Bu xəritə isə 2012-ci ilin şəvval ayının proqnozudur. Xəritəyə əsasən, avqustun 18-i İran ərazisində Ayın hətta optik cihazlarla müşahidəsi də mümkünsüz idi. Amma həmin gün Ay müşahidə olundu və Ayətullah Xameneyi Fitr bayramını elan etdi.

Hər halda, bu barədə çox danışmaq olar, amma fikrimizcə, yuxarıdakı misallar buna kifayət edir ki, bu xəritələr 100%-lik dəqiqliyə malik deyil ki, höccət hesab olunsun. Ayətullah Sistaninin müqəllidləri isə bayramı təyin etməkdə şəxsən mükəlləfdirlər. Biz bu barədə hökm verə bilmərik. Lakin bizimlə müştərək üfüqlü ölkələrdə Ayın sabit olmasını nəzərə alaraq, ölkəmizdəki Seyidin (h.) müqəllidlərinə də bayram olduğu qənaətindəyik. Allah ibadətlərimizi qəbul etsin!

 

 

 

Рейтинг

В этом разделе