Hansı yerlərdə alveri pozmaq mümkündür?

Cavab: Alveri pozmaq haqqına «fəsx etmə haqqı» deyilir. Alıcı və satıcı on bir halda alveri poza bilərlər:

1. Alıcı və satıcı alverdən sonra bir-birindən ayrılmamış olsunlar, hətta əqd məclisindən çıxmış olsalar da; buna «məclisdəki fəsx etmə haqqı» deyilir.

2. Müamilə edənlər – müştəri, ya satıcı, alver zamanı, ya ondan qeyri müamilələrdə (iki tərəfdən biri) zərər çəkmiş olsa; buna «ğəbn fəsx etmə haqqı» deyilir.

3. Alverdə hər iki tərəf və ya onlardan biri üçün müəyyən müddətə qədər alveri pozmaq haqqı qoysalar; buna «şərtə əsasən fəsx etmə haqqı» deyilir.

4. Müamilə edən tərəf öz malını, olduğundan daha yaxşı göstərsin, belə ki, malın qiyməti camaatın nəzərində artmış olsun; buna «tədlislə fəsx etmə haqqı» deyilir.

5. Alverdə iki tərəfdən biri, digəri üçün hər hansı bir işi yerinə yetirməyi şərt etsə və o da şərtə əməl etməsə; ya zimmədə deyil, xaricdə olan malda hər hansı bir xüsusiyyət olmasını şərt etsə və həmin mal o xüsusiyyətə malik olmasa; bu iki surətdə şərt edən tərəf alveri poza bilər və buna «şərt pozulduqda fəsx etmə haqqı» deyilir.

6. Mal, ya onun əvəzində bir eyb, qüsur olduqda; buna «eybə görə fəsx etmə haqqı» deyilir.

7. Üzərində alver etdikləri malın bir miqdarının başqasının malı olduğu mə`lum olarsa və onun sahibi bu alverə razı olmazsa; bu halda qarşı tərəf həm alveri poza bilər və ya o miqdarın əvəzini (pulunu) əgər vermişdirsə, geri ala bilər. Bunun iki surəti vardır:

Birinci budur ki, həmin miqdar kəsri-muşa olsun və buna «şəriklikdən irəli gələn fəsx etmə haqqı» deyilir.

İkinci isə budur ki, o miqdar ayrı olsun və buna «malın bölünməsinə görə fəsx etmə haqqı (təbə`üzis-səfqə)» deyilir.

8. Mal sahibi, qarşı tərəfin görmədiyi və zimmədə deyil, xaricdə olan müəyyən bir malın xüsusiyyətlərini ona desin və sonra onun dediyi kimi olmadığı mə`lum olsun. Bu surətdə qarşı tərəf alveri poza bilər və buna «görməkdən irəli gələn fəsx etmə haqqı» deyilir.

9. Alıcı, aldığı və ödənişi tə`xirə salmağı şərt etmədiyi malın əvəzini (pulunu) 3 günə qədər satıcıya verməzsə; bu halda satıcı malı təhvil verməmişdirsə, alveri poza bilər. Lakin əgər aldığı şey, bir gün qalmaqla xarab olacaq meyvələr kimi şeylərdən olsa, onun əvəzini (pulunu) axşama qədər verməsə və onun ödənişini tə`xirə salacağını şərt etməmiş olsa, satıcı alveri poza bilər və buna «tə`xirə görə fəsx etmə» haqqı deyilir.

10. Heyvan alan şəxs 3 günə qədər alveri poza bilər və əgər satıcı satdığı şeyin əvəzində heyvan alıbsa, o da 3 günə kimi alveri poza bilər və buna «heyvan alqı-satqısına görə fəsx etmə haqqı» deyilir.

11. Satıcı, satdığını təhvil verə bilmədikdə, məsələn, satdığı at qaçarsa; bu halda alıcı alveri poza bilər və buna «təhvil verə bilməməyə görə fəsx etmə haqqı» deyilir. Bütün bunların hökmləri gələcək məsələlərdə deyiləcəkdir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2152

В этом разделе