Bismillahir-Rahmanir-Rahim. Çoxumuzu maraqlandıran, bəlkə narahat edən suallardan biri də namazda səcdə ilə, daha doğrusu üzərinə səcdə etdiyimiz şeylərlə bağlıdır. Nə üçün namazda möhürə (yəni torpağa) səcdə edirik?
Cavab: Əhli-beyt (ə) məzhəbində səcdə yalnız torpaq, yaxud torpaqda bitən (yeyilmək və geyinmək üçün istifadə olunmayan) bitkilər üzərində səhihdir. Bu mövzuya Qurani-Kərimdə aşkar şəkildə işarə olunmayıb, lakin hədisi-şəriflərdə geniş izah olunur:
İmam Sadiqdən (ə) nəql olunur: “Yalnız yer üzərinə, pambıq və kətandan başqa, yer üzərində yetişən bitkilər üzərinə səcdə edin” ("Əl-kafi”, c.3, səh. 330).
Digər bir yerdə İmam Sadiq (ə) buyurmuşdur: “Yalnız yer üzərinə və yer üzərində yetişən bitkilər üzərinə səcdə edin. Ancaq bu bitkilər yeyinti, pambıq, kətan növündən olan bitkilər olmasın” (“Vəsailüş-şiə”, c.3, səh. 590).
Bir nəfər İmam Sadiqdən (ə) soruşur ki, alın yerə dəymədən alnın üstünə çəkilmiş əmmamə üzərinə səcdə etmək olarmı? İmam (ə) cavabında belə buyurur: "Alın yerə dəyməsə, etdiyin səcdə kifayət deyil" (“Vəsailüş-şiə”, c.3).
İmam Sadiqdən (ə) yer üzərinə edilən səcdənin mahiyyəti haqqında soruşulduqda, o Həzrət buyurmuşdur: “Səcdə – Allah qarşısında mütilikdir. Ona görə də, səcdə yeyinti və geyim əşyaları üçün yararlı olan şeylərə və geyim əşyaları üzərinə edilməməlidir. Çünki, yalnız dünya tələb edənlər (dünya malına uyanlar) yediklərinin və geydiklərinin quludurlar. Səcdə edən şəxs səcdə halında, Allah ibadəti qarşısındadır. Bu səbəbdən də, dünya tələb edən şəxslərin məbudu üzərinə alnını qoymamalıdır” (Vəsailüş-şiə”, c. 3, səh. 591).