Namazı batil edən əməllər nədir?

Cavab: On iki şey namazı batil edər və onlara «mubtilat» deyilir:

1. Namazın əsnasında onun şərtlərindən biri pozulsun. Məsələn, namaz əsnasında başa düşsə ki, libası nəcisdir.

2. Namazda ikən qəsdən, səhvən və ya çarəsizlikdən dəstəmaz və ya qüslü batil edən bir şeylə qarşılaşarsa; məsələn, ondan bövl gələrsə; Belə ki, bu səhvən və ya çarəsizlikdən, namazın son səcdəsindən sonra meydana gəlsə belə, vacib ehtiyata əsasən namazı batil olur. Lakin, bövl və ya ğaitinin qarşısını ala bilməyən bir şəxsdən namaz əsnasında bövl və ya ğait xaric olarsa, əgər dəstəmaz hökmlərində söylənən qaydalara görə əməl edərsə, namazı batil olmur. Həmçinin namaz əsnasında istihazəli qadından qan xaric olsa, əgər istihazənin göstərişinə əməl etsə, namazı səhihdir.

3. Təvazö və ədəb qəsdilə əlləri bir-birinin üzərinə qoymaq da namazı batil edənlərdir. Amma namazın bu işlə batil olması ehtiyata əsasəndir. Hərçənd şəriət qanunu kimi yerinə yetirmək qəsdilə olsa, onun haram olmasında şəkk yoxdur.

4. Namazı batil edən növbəti şey, Həmdi oxuyandan sonra «Amin» deməkdir. Bunun namazı batil etməyi, mə`mumdan başqasında ehtiyata əsasəndir. Hərçənd şəriət qanunu kimi yerinə yetirmək qəsdilə olsa, haramlığında şəkk yoxdur. Habelə, «Amin»i səhvən ya təqiyyə üzündən desə, namazının eybi yoxdur.

5. Namazı batil edən şey, üzrsüz olaraq qiblədən dönməkdir. Amma əgər üzrlü olsa, məsələn, unutqanlıq, ya məcburi olaraq (şiddətli küləyin onu qiblədən döndərməsi kimi) qiblədən əyilsə, amma sağ və sol tərəfə çatmasa, onun namazı səhihdir, amma lazımdır ki, üzrü aradan qalxan kimi dərhal üzünü qibləyə çevirsin. Əgər sağ və sol tərəfə çatsa, ya arxası qibləyə olsa, əgər unutqanlıq üzündən və qəflətdən olsa, qibləni düz tapmamış olsa və elə bir vaxt yadına düşsə ki, namazı sındırar və ikinci dəfə üzü qibləyə qıla bilər, hərçənd ona bir rük`əti vaxt daxilində qılınmış olsa da, gərək namazı başdan başlasın. Əks təqdirdə, o namazla kifayətlənər və qəza etməsi də lazım deyildir. Habelə onun qiblədən dönməsi məcburi olsa, gərək bacardığı qədər qiblədən dönmədən namazı ikinci dəfə qılsın, hərçənd bir rük`əti vaxt daxilində olsa da gərək namazı başdan başlasın. Əks təqdirdə həmin namazı tamam etsin. Ona, namazı yenidən qılmaq və qəza etmək lazım deyildir.

6. Namazı batil edənlərdən biri də, qəsdən danışmaqdır. Danışan zaman kəlmə bir hərfli belə olsa, əgər ərəb dilində «qoru» mə`nasını verən «qi» hərfi kimi və ya əlifba hərflərindən ikincisi olan və sual edən şəxsin cavabında söylənilən «b» hərfi kimi, ayrı bir kəlmənin mə`nasını ifadə edərsə, namazı batil olur. Hər hansı bir mə`nanı ifadə etməyən, iki və ya daha çox hərfdən ibarət olarsa, yenə də ehtiyata əsasən, namazı batil edər.

7. Namazda qəsdən səslə gülmək namazı batil edən işlərdəndir. Hərçənd ixtiyarsız olsa da; əgər müqəddiməsi ixtiyari olsa da, hətta ehtiyat vacibə əsasən müqəddiməsi ixtiyari olmasa da, belə ki namazı yenidən qılmağa vaxt olsa gərək yenidən qılsın. Amma əgər qəsdən səssiz və ya səhvən ucadan gülsə, namazının işkalı yoxdur.

8. Vacib ehtiyata əsasən namazı pozan şeylərdən biri də, dünya işləri üçün qəsdən ucadan və ya səssiz olaraq ağlamaqdır; amma əgər Allah qorxusundan ona şövq bəsləməkdən və ya axirət üçün ucadan və ya səssiz olaraq ağlasa, maneçiliyi yoxdur, üstəlik əməllərin də ən yaxşılarından sayılır. Hətta əgər Allahdan özünün dünyəvi hacətlərini istəmək üçün onun dərgahında zəlillik göstərib ağlasa, işkalı yoxdur.

9. Namazı batil edən işlərdən biri də, namazın surətini pozmaqdır. Məsələn, havaya tullanmaq və ya bu kimi hərəkətlər etmiş olsa, istər qəsdən olsun və yaxud unutqanlıq üzündən, namazı batil edər. Amma əl ilə işarə etmək kimi, namazın surətini pozmayan hərəkətlərin işkalı yoxdur.

10. Namazı batil edənlərdən biri də, yemək və içməkdir. Əgər namaz əsnasında «namaz qılmır» deyiləcək şəkildə, bir şey yeyərsə və ya içərsə, istər qəsdən olsun, istərsə də unutduğuna görə, namaz batil olur. Amma oruc tutmaq istəyən şəxs, əgər sübh azanından əvvəl müstəhəbb bir namaz qıldığı halda susuz olarsa, belə ki, namazı tamamladığı təqdirdə, sübh azanının olacağından qorxarsa və su onun qarşısında bir neçə addımlıqda olarsa, namaz arasında su içə bilər. Amma üzü qiblədən çevirmək kimi namazı batil edən bir şey etməməlidir.

11. Namazı batil edənlərdən biri də, iki rük`ətli və üç rük`ətli namazların rük`ətində, yaxud dörd rük`ətli namazların iki əvvəl rük`ətlərində şəkk etməkdir. Bu hökm namaz qılanın şəkk halında qaldığı hala aiddir.

12. Namazı batil edən şeylərdən biri də, namazın rüknünü qəsdən və ya səhvən azaltmaq, yaxud rükn olmayan bir şeyi qəsdən azaltmaq və ya bir şeyi namazda qəsdən artırmaqdır. Həmçinin rüknü, məsələn, rüku və ya iki səcdəni bir rük`ətdə səhvən artırsa, namazı vacib ehtiyata əsasən, batil olar. Amma səhvən «təkbirətül-ehramı» artırmaq namazı batil etməz.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri"

В этом разделе