Əgər iki müctəhid elmdə bərabər olsalar, kimə təqlid edillməlidir?

Cavab 1: (Onlardan hər hansı birinə) təqlid etməkdə ixtiyar sahibidir.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Onların elmdə bərabər səviyyədə olmasını bilsə və ya şəri baxımdan bir dəlili olsa, onda fətvası ehtiyata uyğun olan müctəhidin fətvasına əməl etməlidir. Amma əgər o müctəhidlərdən heç birinin fətvası ehtiyata uyğun olmasa, məsələn; Müctəhidlərdən biri namazın qəsr, digəri isə tamam qılınmasına dair fətva versə bu halda hər ikisinə əməl etməklə ehtiyat etməlidir.

Əgər ehtiyat etmək mümkün olmazsa, (məsələn, bir müctəhid hər hansı bir əməlin vacibliyinə, digəri isə haram olmasına dair fətva versə), yaxud (ehtiyata əməl etmək) çətin olsa, fətva verməkdə təqvası (vərəsi) daha çox olan müctəhidin fətvasına əməl etməlidir. Əgər bu məqamda da bərabər olsalar, müqəllid onların hər birinin fətvasına əməl etməkdə ixtiyar sahibidir.

Həmçinin, bundan qeyri hallarda: istər ələm müctəhidin varlığı məlum olub, özü müəyyən olmasa istərsə də ələm müctəhidin varlığına ehtimal verilsə əgər ehtiyat etmək mümkündürsə və məşəqqət də yoxdursa, ehtiyat etməlidir.

Əgər ehtiyat mümkün olmazsa və ya məşəqqət olsa, ələm müctəhidin varlığı məlum olub, amma özü müəyyən olmasa, bu halda bir tərəfin ələm olmasına daha çox ehtimal verilərsə, onun fətvasına əməl olunmalıdır. Əgər (elmdə) bərabər olsalar, ehtiyata görə fətva məqamında təqvası daha çox olanın fətvasına əməl olunmalıdır. Əgər fətva məqamındakı təqvada da bərabər olsalar, bu zaman müqəllid hər hansı birinə təqlid etməkdə ixtiyar sahibidir.

Ələm müctəhidin varlığına ehtimal verilirsə, ehtiyata görə ələm olmasına güman etdiyi, yaxud ehtimal verdiyi, yaxud ələmiyyət ehtimalı güclü olan müctəhidin fətvasına əməl etməlidir. Əks halda isə, ehtiyata görə gərək fətva məqamında daha təqvalı olanın fətvasına əməl etməlidir. Bu cəhətdən bərabər olsalar, hər birinə təqlid etməkdə ixtiyar sahibidir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.4

Cavab 3: Daha elmli müctəhidi dəqiq tanımaq mümkün olmadıqda ehtiyat budur ki, insan daha elmli saydığı müctəhidə təqlid etsin. Əgər bir neçə müctəhidi elm baxımından fərqləndirə bilməzsə, onlardan istənilən birinə təqlid edə bilər.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.6

Cavab 4: Əgər onların hansının ələm olduğu məlum deyilsə, yaxud onların elmi səviyyəsi eynidirsə, bu halda onlardan birinin daha təqvalı olduğu, yəni fətva verməkdə və şəriət hökmlərinin düzgün müəyyənləşdirilməsində rol oynayan xüsuslarda daha ehtiyatlı olduğu, araşdırmaçı olduğu müəyyən edilərsə, ona təqlid etməlidir. Onlardan birinin daha təqvalı olduğu da müəyyən edilə bilməzsə, öz hərəkətlərini onlardan hər hansı birinin fətvalarına uyğunlaşdırmağa ixtiyarı vardır. Yalnız təklif (şəri vəzifə) ilə bağlı “elm-i icmali”, yaxud “höccət-i icmali" adlandırılan hallar (namazın qəsr yaxud bütöv qılınması) istisnadır. Belə hallarda vacib ehtiyata əsasən, mükəlləf hər iki fətvaya riayət etməlidir (yəni müctəhidin biri hansısa halda namazı bütöv, digəri isə qısa qılmağa fətva versə, mükəlləf həmin namazı həm bütöv, həm də qısa qılmalıdır).

Ayətullahul-uzma Seyid Əli Sistani, "Geniş izahlı şəriət məsələləri", məs. 12

В этом разделе