Cavab: Zəkat səkkiz yerdə xərclənir:
1. Fəqir; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Sənəti, mülkü və ya sərmayəsi olub, onlarla bir illik xərcini ödəyə biləcək şəxs fəqir deyildir.
2. Miskin; fəqirdən daha çətin bir halda olana deyilir.
3. İmamın (ə), ya onun naibi tərəfindən zəkatları toplamaq, qorumaq, toplananların hesabını aparmaq və onları İmama (ə), naibinə və ya fəqirlərə yetişdirməy mə`mur edilmiş şəxs.
4. Zəkat verildiyi təqdirdə, İslama meyl edən və ya döyüşdə və digər işlərdə müsəlmanlara yardım edən kafirlər. Həmçinin, Rəsulullahın (s.ə.v.v) gətirdiyi şəriətin bə`zisinə imanları zəif olan müsəlmanlar, onlara zəkat vermək imanlarının güclənməsinə yol açarsa, vermək olar. Yaxud Həzrət Əmirəl-Mö`minin Əli (ə)-ın vilayətinə imanı olmayan müsəlmanlara zəkat vermək, onların vilayətə inanmağa rəğbətlərini artırıb inamlarına səbəb olarsa, zəkat vermək olar.
5. Qulları satın alıb azad etmək üçün; (təfsilatı ilə öz yerində deyilibdir).
6. Borcunu verə bilməyən borcluya;
7. Allah yolunda xərcləmək. Məsələn; məscid tikmək, dini elmlər oxunan mədrəsə tikmək, şəhər təmizləmək və yolları asfalt edib genişləndirmək kimi, faydası ümumi müsəlmanlara aid olan işlərdə xərcləmək.
8. İbni-səbil; yə`ni səfərdə çətinliyə düşmüş müsafir.
Bunlar zəkatın sərf edildiyi yerlərdir. Amma mal sahibi zəkatı İmamın (ə) və ya onun nümayəndəsinin icazəsi olmadan 3-cü və 4-cü yerə sərf edə bilməz. Lazım ehtiyata əsasən 7-ci yerə xərcləməkdə də şəriət hakimindən icazə almalıdır.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.1889