Peyğəmbər (s) necə dəstəmaz alardı?

»»

Peyğəmbər (s) necə dəstəmaz alardı?

İmam Əmirəl-möminin Əli (ə) Məhəmməd ibn Əbu Bəkri (r) Misirə vali təyin etdikdə, ona yazdığı əhdnaməsində buyurur: "Dəstəmazına diqqət et. Dəstəmaz namazın kamalındandır. Üç dəfə ağzına, üç dəfə burnuna su al, sonra üzünü, sonra sağ əlini, sonra sol əlini dirsəkdən barmaqların ucuna qədər yu. Daha sonra isə başına və ayaqlarına məsh et. Çünki mən Peyğəmbərin (s) belə dəstəmaz aldığını görmüşəm və bil ki, dəstəmaz imanın yarısıdır" ("Vəsailüş-şiə", c.1, səh. 279; "Biharul-ənvar", c.80, səh.366).

Zürarə rəvayət edir ki, İmam Məhəmməd Baqir (ə) buyurdu ki, "Sizə Allahın peyğəmbərinin (s) necə dəstəmaz aldığını göstərimmi?". Biz göstərməsini istədikdə, bir qab su istədi. Əvvəlcə üzünü, sağ qolunu və sol qolunu yudu. Sonra isə əlində qalan su ilə başının ön hissəsinə və ayaqlarının üstünə məsh çəkdi" ("Əl-Kafi",c.3, səh.25).

İmam Museyi-Kazım (ə) səhabəsinə yazdığı məktubda buyurur: "Dəstəmaz alanda üzünü birinci dəfə vacib, ikinci dəfə müstəhəbb niyyəti ilə yu. Əllərini də dirsəkdən eyni cür yu. Başının qabaq hissəsinə və ayaqlarının üstünə dəstəmazdan qalan su ilə məsh et" ("Biharul-ənvar", c.80. səh.271).
Рейтинг

В этом разделе