Məlum olduğu kimi, təqlid məsələsi Əhli-beyt (ə) məktəbinin nəzərində daim aktualdır. Müsəlmanların şəri məsələlərini cavablandırmaq üçün hər bir dövrdə şəriət elmində yüksək səviyyəyə çatmış din aliminə-müctəhidə ehtiyac vardır. Əgər eyni bir dövrdə bir neçə təqlid olunmaq şərtinə malik müctəhid varsa, əql də hökm edir ki, bunlardan ən peşəkarına- “ələm” müctəhidə müraciət edilsin. Fəqihlərin nəzəri də budur.
Sual edilə bilər ki, “ələm” müctəhid kimdir? Maraqlı məsələ ondan ibarətdir ki, ələm müctəhidə baxışın özündə belə elm əhli arasında fərqlər mövcuddur. Məhz bu səbəbdən bəzi hallarda ələm müctəhidi seçmək savadında olan şəxslər (xibrə əhli) ələm müctəhidin kimliyi barədə fərqli adlar çəkirlər. Bunun bariz nümunəsini dövrümüzdə də müşahidə etmək mümkündür.
Ələm müctəhidin tərifi barədə dövrün fəqihlərinin fikirləri:
Ayətullahul-uzma Seyid Əli Xameneyi: Ələm müctəhid- İlahi qanunları bilməkdə və hökmləri mənbələrdən əldə etməkdə digər müctəhidlərdən daha çox bacarığa malik olmalıdır. O, həmçinin dünyada gedən proseslərdən agah olmalı və bu proseslərin fiqhi hökmlərə təsirini müəyyən etməkdə daha peşəkar olmalıdır.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani: Ələm müctəhid- Əql və şəriət baxımından Allahın hökmünü və təyin olunmuş vəzifələri dərk etməkdə öz zəmanəsinin bütün müctəhidlərindən üstün olsun.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi: Ələm müctəhid- Şəriət hökmlərinin mənbələrdən əldə etməkdə digərlərindən daha bacarıqlı olmalıdır.
Ayətullahul-uzma Şeyx Safi Qolpayqani: Ələm müctəhid- İlahi hökmləri dərk etməkdə digərlərindən daha bacarıqlı olmalıdır.
Ayətullahul-uzma Seyid Əli Sistani: Ələm müctəhid- Allahın hökmlərini dərk etməkdə zəmanəsinin müctəhidlərinin hamısından daha bacarıqlı olmalıdır.
Yuxarıda qeyd olunan fətvalar dövrün əzəmətli fəqihlərinə məxsusdur. Göründüyü kimi onların ümumən ələm müctəhidin keyfiyyəti barədə fikirləri bir-birinə yaxındır.
Lakin Ayətullah Xameneyinin fətvasında zamanın şərtlərindən xəbərdar olmaq da bu keyfiyyətlər sırasına daxildir. Çünki Seyid Əli Xameneyinin nəzərincə, zamanın dəyişməsi və bununla bağlı proseslər şəriət hökmlərində təsir qoyur.
Bu məsələ ilə bağlı digər fəqihlərin nəzərini də öyrənmək üçün Ayətullah Şirazinin və Ayətullah Sistaninin dəftərxanaları ilə əlaqə saxladıq.
Ayətullahul-uzma Məkarim Şirazinin ofisindən məlumat verildi ki, Şeyx Şirazinini nəzərincə, zamanın şərtlərindən və dünyada gedən proseslərdən xəbərdar olmaq ələm müctəhidin keyfiyyətlərinə daxil deyildir. Yalnız cəmiyyətdə çətinlik və problem yaratdığı hal istisnadır. Diri müctəhidə təqlidin vacib olmasına səbəb isə icmadır.
Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərindən cavab verildiki cənab Seyidin nəzərində, heç bir hökm zaman keçdikdə dəyişmir.